REGİONLAR
Muxtar respublikada ötən şənbə günü keçirilən iməciliklərdə 2400-dən çox meyvə ağacı, gül və bəzək kolları əkilib
Naxçıvan, 19 aprel, AZƏRTAC
Muxtar respublikada ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən şənbə günü keçirilən növbəti iməciliklərdə 18 min 250 nəfərin iştirakı ilə, ümumilikdə, 2430 olmaqla, 1930 meyvə ağacı, 500 gül və bəzək kolları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstəriblər. Həmin gün Uzunoba Su Anbarının yaxınlığındakı 3 hektarlıq yaşıllıq sahəsində, dairəvi avtomobil yolunun kənarlarında və müəssisələrin ərazilərində ağaclara aqrotexniki qulluq göstərilib, budama və suvarma işləri aparılıb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Çomaxtur və Çərçiboğan kəndlərindəki meyvə bağlarında yaşıllıq sahələri alaq otlarından təmizlənib, budama və suvarma işləri aparılıb.
Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Kültəpə-Sirab avtomobil yolunun kənarlarında bərpa məqsədilə 140 meyvə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə kampaniyası zamanı bağlar diyarı Ordubadda da mütəşəkkillik göstərilib. Naxçıvan-Ordubad magistral yolunun kənarlarında bərpa məqsədilə 800 qarışıq meyvə tingi və 500 qızılgül kolu əkilib, üzüm bağında və digər sahələrdə yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Culfa rayonunda da həmin tədbirlər davam etdirilib. Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun Qabıllı kəndi hissəsindəki 4 hektarlıq ərazidə bərpa məqsədilə 250 meyvə ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Şahbuzlular Daylaqlı kəndindəki 7 hektarlıq meyvə bağında və təşkilatların ərazilərində yaşıllıqlara aqrotexniki qulluq göstərib, suvarma işləri aparıblar.
Sədərək rayonunda 3 hektarlıq ərazidə 740 meyvə ağacı bərpa olunub, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.