CƏMİYYƏT


“myGov” beynəlxalq mükafat qazanıb

Bakı, 17 yanvar, AZƏRTAC

“myGov” mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence Award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qələbə münasibətilə “myGov” elektron hökumət portalını və mobil tətbiqini yaradan və idarə edən agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzinə (EHİM) rəqəmsal sertifikat təqdim olunub.

Qeyd edək ki, “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının münsiflər komitəsi bu sahədə ixtisaslaşmış dünya ekspertlərindən ibarətdir. Belə ki, münsiflər heyətinə Elektron Hökumətin İnkişafı İndeksində ön mövqeləri ilə seçilən Estoniya, Böyük Britaniya, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, İsveç və s. kimi ölkələrdən olan mütəxəssislər daxildirlər.

Komanda tərəfindən “Ən yaxşı ağıllı mobil tətbiq” nominasiyası çərçivəsində cəmiyyətə və vətəndaşlara dəyər qatan tətbiqlər qiymətləndirilir. Münsiflər heyəti ən yaxşı nümunələri mobil tətbiqlərin xüsusiyyətləri, texnoloji həlləri və innovasiyaları, məzmunu, istifadəçiyönümlü dizaynı və əlçatanlığı əsasında seçir.

“Qlobal Hökumət Mükəmməlliyi” mükafatının builki nominasiyalarında Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ, Avropa və Afrikadan olan ölkələr yarışıb.

Mükafat “Global Government Excellence” şirkəti tərəfindən təsis edilib. Beynəlxalq səviyyəli şirkətin baş ofisləri Birləşmiş Ərəb Əmirliyinin Dubay və Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərlərində yerləşir.

Xatırladaq ki, “myGov” həm internet portalı, həm də mobil tətbiq formatında vətəndaşlara xidmət göstərir. Portal (https://my.gov.az/intro/) 2019-cu ildə, mobil tətbiq isə 2021-ci ildə EHİM tərəfindən vətəndaşların istifadəsinə verilib.

Yaradılmasının birinci ildönümü qeyd olunan mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklər vasitəsilə keçid edərək, yükləyib istifadə edə bilərlər:

• “Android”: https://play.google.com/store/apps/details?id=az.gov.my

• “IOS” https://apps.apple.com/az/app/mygov/id1533956540

Vətəndaşlar “myGov”da qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaradır, özünə aid fərdi məlumatlarla tanış olur, habelə həmin məlumatlarda aşkarlanan səhv və ya natamamlıqla əlaqədar “Əks əlaqə” bölməsi vasitəsilə müraciət edirlər. Bir çox inteqrasiya olunmuş sistemlərin xidmətlərini özündə birləşdirən “myGov”da hazırda 800 mindən çox istifadəçi qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.