“Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniya təşkil olunacaq

Bakı, 30 oktyabr, AZƏRTAC
“Nağdsız cəmiyyət günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA), Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr - 7 noyabr tarixlərində “Nağdsız ödəyən qazanır!” adlı stimullaşdırıcı kampaniya keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “hesab.az” ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə “dərhal dəyiş” bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim ediləcək. Kampaniyadan yararlanmaq istəyən istifadəçilər əgər “hesab.az” istifadəçisi deyilsə, “hesab.az” saytında qeydiyyatdan keçərək və ya “hesab.az” mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və sair ödənişlərini bu səhifə vasitəsilə həyata keçirməklə bonuslar toplamalıdırlar. Daha sonra öz hesablarındakı bonusları “dərhal dəyiş” bölməsində 10000-30000 bonus dəyərində olan plastik karta və stikerə dəyişə bilərlər.