COP29
Namibiya Kənd Təsərrüfatı, Su və Meşə Nazirliyinin nümayəndəsi: “Bu, sonuncu deyil, həlledici COP olacaq”
Bakı, 11 noyabr, AZƏRTAC
Mən ilk dəfədir ki, COP konfransında iştirak edirəm. Namibiya quraqlıqdan çox əziyyət çəkir. Quraqlıq bizim kənd təsərrüfatı sisteminə böyük ziyan vurur, faunamız məhv olur.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Namibiyanın Kənd Təsərrüfatı, Su və Meşə Nazirliyinin nümayəndəsi Cozef Şilipişiva Amunime deyib.
O qeyd edib ki, hazırda Namibiyada quraqlıq mövsümüdür.
“Otlaq ərazilərimiz məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bir ay bundan əvvəl Namibiya Prezidenti bu problemlə bağlı çıxış edib. Mən bu kimi böyük problemlərin həllini danışıqlarda görürəm və bütün ölkələr, o cümlədən beynəlxalq ictimaiyyət danışıqlara davam etməlidir. Ümid edirəm ki, COP29 konfransının sonunda lazım olan konsensusa gələ biləcəyik. Bu, sonuncu deyil, həlledici COP olacaq”, - deyə Namibiya nümayəndəsi qeyd edib.
COP29-un təşkilatçılığına gəlincə qonaq bildirib ki, onun üçün ən vacib məqam logistikadır: “Qonaqların qarşılanması, qeydiyyatı, yerləşdirilməsi və s. - COP29 yüksək səviyyədə təşkil olunub”.