NAPOLEONUN QILINCI 6,4 MİLYON DOLLARA SATILMIŞDIR
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, Fransada hərracda imperator Napoleona məxsus qızıl naxışlı qılınc 6,4 milyon dollara satılmışdır.
Hərrac Parisın yaxınlığındakı Fontenbloda keçirilmişdir.
Britaniyanın Bi-Bi-Si yayım korporasiyasının məlumatına görə, qılıncın uzunluğu təxminən bir metrdir. 1800-cü ildə Marenqo yaxınlığında Avstriya ordusuna qarşı məşhur vuruşma zamanı həmin qılınc general Bonapartda olmuşdur.
Qələbədən sonra general qılıncını qardaşına toy hədiyyəsi etmişdir. O vaxtdan bəri qılınc nəsilbənəsil ötürülmüşdür. Bu, məşhur sərkərdənin şəxsi kolleksiyasındakı son qılınc olmuşdur.
1978-ci ildə qılınc Fransanın milli sərvəti elan edilmişdir.