Narkomaniya bəşəriyyət üçün bəladır
Bakı, 29 aprel, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə şəhərin 14 saylı tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Sadıqov narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dövlət sərhədlərinin hüdudlarından kənara çıxaraq bütün ölkələr üçün ciddi təhlükə mənbəyinə çevrildiyini vurğulayıb. Narkomaniya digər cinayətlərin, zorakılıq hallarının artmasına rəvac verir, QİÇS-in və başqa ağır xəstəliklərin sürətlə yayılmasını stimullaşdırır, cəmiyyətin inkişafını ləngidir, ailə dəyərlərinin məhvinə, mənəvi deqradasiyaya səbəb olur. Gənc nəslin nümayəndələrinin narkomaniyaya qurşanması çox zaman mənfi ətraf mühitin təsiri altında baş verir. Narkomaniyanın dəhşətli zərəri haqqında məlumatsız gənclər bu bəlanın əsirinə çevrilir və onun girdabından qurtula bilmirlər. Narkomanların timsalında cəmiyyət gənc nəslin yüksək potensiala malik önəmli bir kəsimini itirir. Narkotiklərdən müntəzəm istifadənin nəsil artırma qabiliyyətinə mənfi təsiri məlum faktdır və milli genofonda sarsıdıcı zərbə vurur.
Bildirilib ki, narkomanlıqla mübarizə sahəsində dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.
Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx nümayiş olunub.
Tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları, pedaqoji heyət, valideynlər və şagirdlər iştirak ediblər.