REGİONLAR
Narkomaniyaya qarşı maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir
Astara, 26 may, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Səncərədi kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri narkomaniyanın acı fəsadlarından söz açıblar. Bildiriblər ki, bu ümumbəşəri problemə qarşı maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə yanaşı, gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.