NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, aprel ayında respublikamızın ərazisində narkotiklərlə bağlı 1.109 cinayət faktı qeydə alınmışdır. Onlardan 417-si satışla bağlıdır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 552 kiloqram 637 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 36 kiloqram 574 qram marixuana, 397 kiloqram 425 qram həşiş, 94 kiloqram 824 qram tiryək, 23 kiloqram 814 qram heroin, 490 həb, 90 ampula diazepam götürülmüşdür.
Bütün bunlara görə 668 nəfər yaxalanaraq məsuliyyətə cəlb olunmuşdur. Saxlanılanların 63-ü əcnəbidir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılıq yolu ilə daşınmasına qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam edir.