Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli və uğurla həyata keçirilir

Bakı, 11 aprel, AZƏRTAC
Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq bəşəriyyətin bu günü və gələcəyi üçün böyük təhlükə yaradır. Bu baxımdan dünya dövlətləri dəyə biləcək zərərlərin minimuma endirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə üsullarını və müalicəsi metodlarını daha da təkmilləşdirir və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq imkanlarını artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasəti, sistemli və ardıcıl yanaşmanı təmin edən məqsədyönlü, konkret nəticəyə hesablanmış qərarları, sosial-iqtisadi və hüquqi islahatları nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Dövlətimizin yürütdüyü çoxşaxəli siyasətdə insan amili, onun sağlamlığı və rifahı da mühüm yer tutur.
Milli maraqları nəzərə alınmaqla zamanın hər bir çağırışına adekvat cavab verərək narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv və səmərəli xarakter alıb, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində institusional və əməli praktiki tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarət və onun icrası daim diqqət mərkəzində saxlanılıb.
2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında Dövlət Komissiyası sədrinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin və ölkədə fəaliyyət göstərən aparıcı media subyektlərinin rəhbərlərinin iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində media subyektləri tərəfindən görülmüş işlərin müzakirəsi üzrə görüş keçirilib, habelə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib. İclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq zəruri qərarlar qəbul edilib.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də zəruri dəyişikliklər edilib, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi ilə əlaqədar külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyalar yaradılıb, həmçinin qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi ilə əlaqədar az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları yenidən formalaşdırılıb.
Habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri, vəzifələri üzrə əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatla bağlı arayışın tələb olunması və bu hallarla bağlı inzibati məsuliyyətin müəyyən edilməsinə dair Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun və fərman layihələrinin hazırlanması təmin edilib. Həmin layihələr hazırda razılaşdırılma mərhələsindədir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülüb.
Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirib, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edərək, cinayətkar qruplar zərərləşdirilib və 2024-cü ildə ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı 2023-cü illə müqayisədə azalıb. Belə ki:
- 2024-cü il ərzində hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş 8871 cinayət faktı üzrə 6 ton 832 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb, bu da 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin miqdarından 226 kiloqram və ya təxminən 3,2 faiz az olub;
- narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 7316 nəfər cinayət məsuliyyətinə cəlb edilib, bu da 2023-cü illə müqayisədə 1461 nəfər azalıb;
- 2024-cü il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 262 fakt aşkar edilib (2 ton 732 kq narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib), bu da 2023-cü illə müqayisədə 32 fakt azalıb;
- 2023-cü illə müqayisədə 2024-cü il ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 410 kiloqram 418,414 qram (72,2 faiz), tiryəkin çəkisi 114 kiloqram 652,054 qram (40,9 faiz), həşişin çəkisi 14 kiloqram 614,899 qram (27,3 faiz), kokainin çəkisi 651,333 qram (86,8 faiz), psixotrop maddələrin çəkisi 198 kiloqram 265,909 qram (47,9 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 711 kiloqram 629,989 qramını (83,5 faiz) marixuana təşkil edib. Onun da 5 ton 8 kiloqram 915,519 qramı (87,6 faizi) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 702 kiloqram 714,47 qramı (12,3 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 832 kiloqram 879,937 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon 95 min manat kimi qiymətləndirilir.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 341-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 672 kiloqram 689,969 qram və 13220 ədəd metadon həbi narkotik vasitə, 213 ədəd psixotrop maddə və 280,9 qram güclü təsir edən maddə müsadirə edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7316 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 539 nəfər, 26-29 yaşadək 1088 nəfər, 30 yaş və ondan yuxarı isə 5685 nəfər təşkil edir. Həmin şəxslərdən 7085-i kişi, 231-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 71 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 71 xarici ölkə vətəndaşından 30-u İran İslam Respublikası, 14-ü Rusiya, 15-i Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i Hindistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 279 kiloqram 877,211 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
3202 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 15 kiloqram 101,147 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Ötən il Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 1758 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 3 ton 678 kiloqram, 62700 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, 3877 həb və 19341 kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, o cümlədən 58773 ədəd narkotik xassəli çətənə bitkisi yandırma yolu ilə məhv edilib.
Eyni zamanda, 56 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 2707 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib.
Həmçinin cari ildə dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kiloqram 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1460,3 hektar sahədə çəkisi 458 ton 803 kiloqram 994 qram olan 2 909 014 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 91086 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3213 nəfərdən 1981 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Səhiyyə Nazirliyi tərəfindən 2023-cü ildə qəbul olunmuş yeni statistik hesabat formasına uyğun təqdim edilmiş məlumata əsasən respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 2024-cü il 31 dekabr tarixə 40490 nəfər təşkil edib. Onlardan 20182 nəfəri opioidlərin, 8611 nəfəri kannabioidlərin, 11697 nəfəri isə bir neçə narkotik maddəni, eyni zamanda, qəbul etməsi nəticəsində psikası və davranışı pozulmuş şəxslər, o cümlədən 1005 nəfəri qadındır.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 322, QİÇS-lə Mübarizə Mərkəzində 375, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 836 xəstə müalicə alır.
Əlavə olaraq qeyd olunur ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda 2024-cü ilə dair hazırlanmış interaktiv xəritə üzrə əldə olunan statistik məlumatlar göstərir ki:
Bakı iqtisadi rayonu üzrə:
• narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 4438 fakt aşkar edilib və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 0,1 faiz azalıb;
• qanunsuz dövriyyədən 1 ton 213 kq-dan artıq müxtəlif növ narkotik vasitə müsadirə edilib və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin miqdarı 213 kiloqram çox olub;
• narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3240 nəfər cinayət məsuliyyətinə cəlb olunub və 2023-cü illə müqayisədə 649 nəfər azalıb;
• narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 12850 nəfərdir.
Abşeron-Xızı iqtisadi rayonu üzrə:
• narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 1044 fakt aşkar edilib və 2022-ci illə müqayisədə cinayət faktlarının sayı 19,3 faiz azalıb;
• qanunsuz dövriyyədən 384 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin həcmi 189 kiloqram az olub;
• narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 996 nəfər cinayət məsuliyyətinə cəlb olunub və 2023-cü illə müqayisədə 1 nəfər azalıb;
• narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 5447 nəfərdir.
Lənkəran-Astara iqtisadi rayonu üzrə:
• narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 559 fakt aşkar edilib və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 31,8 faiz azalıb;
• qanunsuz dövriyyədən 1 ton 920 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin miqdarı 69 kiloqramdan çox olub;
• narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 513 nəfər cinayət məsuliyyətinə cəlb olunub və 2023-cü illə müqayisədə 239 nəfər azalıb;
• narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 5255 nəfərdir.
Şirvan-Salyan iqtisadi rayonu üzrə:
• narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 493 fakt aşkar edilib və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 24,9 faiz azalıb;
• qanunsuz dövriyyədən 451 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin həcmi 111 kiloqramdan çox olub;
• narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 460 nəfər cinayət məsuliyyətinə cəlb olunub və 2023-cü illə müqayisədə 206 nəfər azalıb;
• narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 3664 nəfərdir.
Narkotik vasitələrdən aşırı doza nəticəsində ötən ildə 4-ü qadın və 83-ü kişi olmaqla ümumilikdə 87 nəfər vəfat edib. 2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə ötən ilin müvafiq dövrində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 84 nəfər (51,8 faiz) azalıb.
“802” qaynar xətt telefon zəng xidmətinə 1668 vətəndaş müraciəti daxil olub ki, onların 154-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 114-ü narkotik asılılıqdan müalicə, 1400-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 268 məktub ünvanlanıb. Qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edib, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən hazırlanmış narkotik tərkibli bitkilərin yabanı halda inkişafının, yetişməsinin və vegetasiyasını əks etdirən yeni formada xəritə, tablo və fotoalbomlar hazırlanıb.
Təqdim olunmuş materiallarda respublikanın fərqli bölgələrində narkotik tərkibli yabanı bitkilərin yeni yayılma yerləri, həm də introduksiya olunmuş halda (başqa yerdən gətirilib əkilməsi) o cümlədən vegetasiyaya uyğun olaraq çiçəkləmə dövrü və morfoloji xüsusiyyətləri yer alıb.
Tədbirlər Planının 4.4.29-cu yarımbəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun və qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonu üzrə 5 məktəbdə, Qəbələ Peşə Təhsil Mərkəzində, Lənkəran Milli Elmlər Akademiyasının Regional Elmi Mərkəzində və Lənkəran Tibb Kollecində, Masallı Gənclər Evində, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evində, Şirvan Gənclər Evində, Sabirabad Dövlət Sosial İqtisadi Kollecində və Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimi internat tipli gimnaziyada təşkil edilən maarifləndirmə tədbirlərində ümumilikdə minə yaxın yeniyetmə və gənc iştirak edib.
Belə ki, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun 2024-cü ili əhatə edən birgə Tədbirlər Planı çərçivəsində mövzuya dair interaktiv təlimlərin, müxtəlif həştəqlərlə sosial aksiyaların, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol!” devizli marafonun keçirilməsi və televiziyada işıqlandırılması təmin edilmiş, hesabat dövründə ümumilikdə 16 birgə tədbir həyata keçirilib. Bununla yanaşı sosial şəbəkələrin bütün seqmentlərində #Narkomaniyayason və #StopNarkomaniya həştəqləri ilə 44 mindən çox poster, video yayınlanması və müxtəlif maarifləndirici materialların paylaşılması təmin edilib.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq 11 maarifləndirmə tədbiri təşkil edilib.
Gənclər Fondu ilə antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planına əsasən 2024-cü ildə gənclər təşkilatlarının könüllülərinə təlimlərin keçirilməsi, inteqrasiya təlimli internat məktəblərində və “Səyyar Gənclər Xidməti” layihələri çərçivəsində müvafiq mövzuda maarifləndirici görüşlərin keçirilməsi təmin edilib və ümumilikdə təşkil edilən 53 birgə tədbirə 9600 yeniyetmə cəlb edilib.
Azərbaycan Respublikası Audiovizual Şurası və Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı 20-dən çox audiovizual media subyektinin nümayəndələri üçün 2024-cü il 24 dekabr tarixində təlim keçirilib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Lənkəran, Salyan, Biləsuvar, Cəlilabad, Masallı şəhər və rayonları üzrə mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilib.
Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı Sabunçu Gənclər Evində, Yevlax Gənclər Evində, Lənkəran Gənclər Evində, Şirvan Gənclər Evində, Qaradağ Gənclər Evində ümumilikdə 175 gəncin iştirakı ilə intellektual müsabiqələr təşkil edilib, fəal iştirakçılar diplom və sertifikatlarla mükafatlandırılıb.
Qurumun təşkilatçılığı ilə aidiyyəti qurumların mütəxəssisləri cəlb edilməklə Abşeron rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqları üçün “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda 400 nəfər cəlb edilməklə treninqlər təşkil edilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının layihə rəhbərləri üçün təlim keçirilib.
Tədbirlərin davamı olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən FHN-in Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Avrasiya Kollecində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomanlıq probleminə dair tələbələr üçün ictimai mühazirə və seminarlar keçirilib.
Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki sahil” qəzetində rubrika açılıb və qrafikə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən təqdim olunan məqalələr hər həftənin şənbə günləri dərc edilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ötən ilin 3 may tarixində keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel sessiya təşkil edilib. Panel çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupunun, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ictimai əhəmiyyəti, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi, eyni zamanda, görülən işlərin auditoriyaya effektiv şəkildə ötürülməsində medianın rolu barədə 30-dan çox media subyektinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyekti tərəfindən ümumilikdə 5129 maarifləndirici materialın dərc olunması təmin edilib.
Hesabat dövründə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında uzunmüddətli nümayiş olunub, ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında isə ümumilikdə 29563 dəfə yayımlanıb.
Bundan əlavə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə zəruri əyani təbliğat materialları (bukletlər) İşçi Qrupu tərəfindən təşkil edilən bütün tədbirlərdə aidiyyəti üzrə paylanılması təmin olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə sms maarifləndirmə layihəsi çərçivəsində 2023-cü il iyunun 20-dən başlayaraq sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı “Azərfon”, “Bakcell” MMC və “Azercell Telekom” MMC vasitəsilə ümumilikdə 9,9 milyon aktiv abunəçiyə sms bildirişi göndərilib.
Bakı şəhərinin Nəsimi, Nərimanov, Binəqədi, Sabunçu, Qaradağ, respublikanın Abşeron, Ağdaş, Göygöl rayonlarında “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri”, “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” və s. mövzularda maarifləndirici görüşlər keçirilib.
Tədbirlər Planının 4.1.15-ci yarımbəndinin icrası məqsədilə Gənclər və İdman Nazirliyi və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən birgə əməkdaşlıq çərçivəsində narkomaniya ilə bağlı sosioloji tədqiqatın aparılması ilə əlaqədar beynəlxalq təcrübəyə istinadən “Gənclərin narkomaniya problemlərinin öyrənilməsi” mövzusu üzrə 28 rayon və şəhərdə 14-29 yaş hədlərində olan 7340 nəfər gəncin iştirakı ilə onlayn sorğu keçirilib.
Eyni zamanda, yuxarıda qeyd olunan bütün tədbirlər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 184 tədbir (95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 7 sosial layihə, 5 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilib.
Göstərilənlərlə yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda hazırlanıb və layihə sənədində qısa xülasə, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəricilər, məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə mexanizmləri və tədbirlər planı öz əksini tapıb.
Eyni zamanda, tərəfimizdən cari il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində təbliğat işinin gücləndirilməsi, infoturların təşkil edilməsi, eyni zamanda, Səyyar Gənclər Xidməti layihəsinin davam etdirilməsi və intellektual müsabiqələrin, sosial aksiyaların təşkili planlaşdırılıb.