CƏMİYYƏT
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 8 ayın yekununa dair məlumatlar açıqlanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi qrupdan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanıb. Onlardan 2228-i narkotik vasitələrin qanunsuz satışı, 4736-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 92 kiloqram 868,748 qram narkotik vasitələrin və psixotrop maddələrin 471 kiloqram 204,959 qramını heroin, 4 ton 178 kiloqram 838,75 qramını marixuana, 127 kiloqram 993,641 qramını tiryək, 30 kiloqram 959,401 qramını həşiş, 164 kiloqram 202,097 qramını psixotrop maddələr, 119 kiloqram 669,9 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qram və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1265 hektar sahədən 2.691.539 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 92 kiloqram 868,748 qram narkotik vasitələrin və psixotrop maddələrin, ümumilikdə dəyəri 120 milyon 733 min AZN qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5040 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir. Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 45 xarici ölkə vətəndaşlarından, ümumilikdə, 110 kiloqram 16 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 176 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 697 kiloqram 218,848 qram narkotik vasitə və psixotrop maddə, 14768 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 224-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 632 kiloqram 187,911 qram narkotik vasitə, psixotrop maddə və 85 qram güclü təsir edən maddə müsadirə edilib. 2092 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 512 kiloqram 792,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 428, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 431, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 58, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 15 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 711 kiloqram 689,764 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 681 nəfər azalıb.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 87 fakt, qrup halında olan cinayətlərin sayı isə 19 fakt artıb.
2023-cü ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 251 kiloqram 481,495 qram (72,7 faiz), tiryəkin çəkisi 108 kiloqram 911,72 qram (46 faiz), həşişin çəkisi 20 kiloqram 029,443 qram (39,3 faiz), psixotrop maddələrin çəkisi 154 kiloqram 539,312 qram (48,5 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kiloqram 838,75 qramını (82 faiz) marixuana təşkil edib. Onun da 3 ton 631 kiloqramı (86,9 faiz) xarici ölkə mənşəli olub, 547 kiloqramı (13,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə cari il aprelin 16-17-də müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda, cari il iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.
Həmçinin 31 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1208 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 25 kiloqram 614,781 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib. Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda, 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınıb.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 57406 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1913 nəfərdən 1244 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 340, QİÇS-lə Mübarizə Mərkəzində 402, Sumqayıt Narkoloji Mərkəzində 152 nəfər) 894 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin avqust ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 52 nəfəri (5,9 faizi) inyekson narkotik istifadəçiləri olub.
Cari ilin yanvar-avqust ayları ərzində “802 - qaynar xətt” telefon zəng xidmətinə 1280 vətəndaş müraciəti daxil olub ki, onların 105-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 92-sı narkotik asılılıqdan müalicə, 1083-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 197 məktub ünvanlanıb.
Belə ki, “802 - qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə, ümumilikdə 106 tədbir (55 maarifləndirici və təşkilati tədbir, 40 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil olunub.