Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair yeni Dövlət Proqramı təsdiqlənib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinə və icrasına nəzarəti həyata keçirməsi, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
Sənədə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.