DÜNYA
NASA Aydan gətirilən qaya parçalarını Çinlə birlikdə tədqiq etmək üçün ABŞ Konqresi ilə danışıqlar aparır
Bakı, 24 oktyabr, AZƏRTAC
ABŞ Konqresinin Pekinlə kosmik əməkdaşlığı məhdudlaşdıran qanunu yumşaldıqdan sonra amerikalı alimlər çinli həmkarları ilə Çin kosmik missiyasının Aydan gətirdiyi qaya parçalarını birlikdə tədqiq edə bilərlər. AZƏRTAC bu barədə NASA-nın məlumatına istinadla xəbər verir.
ABŞ Kosmik Agentliyinin rəhbərinin sözlərinə görə, Vaşinqton kosmosla bağlı məsələlərdə Pekinlə əməkdaşlığa icazə verərsə, o zaman amerikalı alimlərin Çinin Ay missiyası tərəfindən Yerin təbii peykinin uzaq qaranlıq tərəfindən götürülən qaya parçalarını çinli həmkarları ilə birlikdə təhlil etmələri mümkün olacaq. Hazırda bu məqsədlə müvafiq danışıqlar aparırlar.
İyun ayında Çin Ayın səthinin daimi qaranlıq hissəsindən qaya nümunələrini toplayan ilk ölkə oldu ki, bu da onun kosmosda uğurunun nümayişidir. Çin rəsmiləri materialı araşdırmaq üçün dünya alimlərinə əməkdaşlıq təklif etdilər, lakin NASA-nın Çinlə əməkdaşlığını məhdudlaşdıran ABŞ qanunu buna mane olurdu.
NASA-nın rəhbəri Bill Nelson bildirib ki, amerikalı qanunvericilərin qərarından sonra bu agentlik ilə Çin mütəxəssislərinin əməkdaşlığının şərtləri müəyyən ediləcək. O, Milanda keçirilən Beynəlxalq Astronavtika Konqresində bildirib ki, hazırda Çin rəsmiləri ilə dəqiqləşdirmə aparılır.
Çinin pilotsuz “Chang'e-6” kosmik gəmisi iyunun 25-də Aydan götürdüyü qaya parçalarını Yerə çatdırıb. Bu missiya daha əvvəl Ayın Cənub Qütbü - Aitken hövzəsində yerləşən və Yerdən uzaqda olan tərəfindəki kraterə enmişdi.
ABŞ-Çin elmi əməkdaşlığı son illərdə iki ölkə arasındakı hərbi rəqabəti əsas gətirən bəzi ABŞ qanunvericiləri tərəfindən tənqid edilib. Avqust ayında Prezident Co Baydenin administrasiyası Çin ilə onilliklər ərzində bağlanmış elm və texnologiya sazişinin müddətinin bitməsinə icazə verib. Hazırda iki ölkə həmin sənədin yenilənməsi ilə bağlı danışıqlar aparır.