“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının üçüncü turunda turnirin liderləri heç-heçə ediblər
Naxçıvan, 3 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının 3-cü turu maraqlı görüşlərlə yadda qalıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “A” qrupunda keçirilən oyunlarda liderlər üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) qarşılaşıb. Rəqiblərin qarşılaşması heç-heçə başa çatıb. Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) və Nicat Məmmədovun (2602) da görüşü “sülh”lə başa çatıb. Ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) bu turda türkiyəli qrossmeyster Sanal Vahapı (2505) məğlub etməklə liderlər sırasında qərarlaşıb. İsrailli qrossmeyster İlia Smirin (2592) və almaniyalı qrossmeyster İqor Xenkin (2557) də turu qələbə ilə başa vuran şahmatçılardır. Onlar müvafiq olaraq portuqaliyalı qrossmeyster Luis Qaleqo (2477) və azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlını (2417) məğlub ediblər. Qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) isə yunanıstanlı qrossmeyster Vasillios Kontroniasdan (2518) üstün olub.
Hazırda turnir cədvəlinə 8 zəka sahibi 2,5 xalla başçılıq edir.
“B” qrupunda naxçıvanlı zəka sahibi Sadiq Qarayevin (1530) liderliyi davam edir. O, üçüncü turda Bakı şahmatçısı Emin Novruzovu (1855) məğlub edib. Ümumiyyətlə, bu qrupda 10 zəka sahibi 3 görüşdən maksimum xal toplayıb.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda naxçıvanlı şahmatçılardan Nazlı Hümbətova, İlkin Qabulov, Elçin Rza və Sadiq Abbasov keçirdikləri hər üç görüşdə qalib gəliblər. Hazırda bu qrupda 13 şahmatçının 3 xalı var.