Naxçıvan Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzi açılıb VİDEO



Naxçıvan, 14 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Dayanıqlı İnkişaf Mərkəzinin açılışı olub. Mərkəz NDU və “İstedad-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıq kurslarının birgə dəstəyi ilə yaradılıb.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəz dayanıqlı inkişafın 17 məqsədinin icrasına töhfə verməyi hədəfləyir. Bu əsasda texniki və pedaqoji elmlər üzrə yaşıl enerji, dayanıqlı şəhərlər, təmiz su, gender bərabərliyi, keyfiyyətli təhsil və sağlam həyat kimi istiqamətlərdə fəaliyyət göstəriləcək. Eyni zamanda, universitetdə siyasət sahəsi üzrə sənədlərin və hesabatların hazırlanması, elmi tədqiqatların aparılması da mərkəzin fəaliyyətində nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, dayanıqlı inkişaf məqsədləri bütün elm sahələrinə şamil olunur və universitetin bütün fəaliyyətinin əsasını bu strategiya təşkil edir. Özəl-dövlət tərəfdaşlığı ilə ərsəyə gələn bu yeni mərkəz universitet-sənaye işbirliyinin nümunəsidir, NDU-da dayanıqlı inkişaf prinsiplərinin təbliğinə və bu sahədə elmi araşdırmaların genişləndirilməsinə xidmət edəcək.
Rektor Elbrus İsayev vurğulayıb ki, bu təşəbbüs düzgün və faydalı dəyərləndirilməlidir. İclaslar, tədbirlər mərkəzdə keçirilməli, tələbə təşkilatlarının mərkəz ilə əlaqələri qurulmalı və müəyyənləşmiş hədəflərə uyğun digər fəaliyyətlər təşkil olunmalıdır.
Sonra NDU Dayanıqlı İnkişaf Mərkəzinin rəsmi internet saytı təqdim edilib. Saytda mərkəz çərçivəsində dayanıqlı inkişafın savadlılığını artırmaq məqsədilə sorğular keçiriləcəyi, mütəmadi təlimlər təşkil olunacağı, tələbə klubları vasitəsilə maarifləndirmə işləri aparılacağı qeyd edilib. On əcnəbi tədqiqatçı ilə müqavilə imzalandığı və onlarla mərkəzin tədqiqatçısı kimi qarşılıqlı fəaliyyətin qurulduğu, NDU əməkdaşları ilə birgə elmi araşdırmalar aparılacağı nəzərə çatdırılıb.