Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş
Naxçıvan, 3 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ali Məclis Sədrinin 2008-ci il aprelin 22-də imzaladığı Fərman ilə yaradılan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kadr siyasətinin aparılması, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi və digər sahələrdə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
“Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqə nəticəsində 983 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunub. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır”,- deyən İsmayıl Qəribli qeyd edib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçilir, komissiyanın yerləşdiyi binada istehsalat təcrübəsi təşkil olunur, tələbələr dərslik və yeni elmi nəşrlərlə təmin edilirlər.
Sonra tələbələr komissiyanın Test mərkəzində dövlət qulluğuna qəbulun 1-ci mərhələsini - test imtahanlarını izləyiblər.
Qeyd edək ki, komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün martın 5-də elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə mayın 1-dən start verilib. Müsabiqəyə çıxarılan 302 vakant vəzifənin tutulması üçün 394 namizəd sənəd təqdim edib. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi və İqtisadiyyat Nazirliyi üstünlük təşkil edib.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün onlara 2 saat 30 dəqiqə vaxt verilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.
Test imtahanları mayın 15-dək davam edəcək. Keçid balını toplayan şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.