Naxçıvan Dövlət Universitetinin tələbələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar
Naxçıvan, 6 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin pedaqoji fakültəsinin fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətimizin uğurla inkişaf etdiyini bildirib. Səxavət Salmanov görüşün aprel döyüşlərində qazandığımız qələbənin ikinci ildönümündə keçirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, dördgünlük qələbə xalqımızın zəfər tarixidir.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxış edərək bildirib ki, universitetdə aparılan vətənpərvərlik tərbiyəsi Azərbaycan xalqının və dövlətinin hərb tarixinə, milli dəyərlərə əsaslanır. Əsas məqsəd ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət-ənənələrə hörmət və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunsunlar.
Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev “Vətəndaşların ilkin hərbi qeydiyyata alınması” mövzusundakı çıxışında səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili barədə məlumat verib.
Sonda “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, tələbələrlə görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə keçirilib.