“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” kitabı işıq üzü görüb
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” kitabı hazırlanaraq nəşr edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kitabın ilk səhifələrində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipinin hazırlanması haqqında sərəncamları yer alıb.
Təqdim olunan nəşrdə görkəmli şəxslərin Naxçıvanın İslam mədəniyyəti ilə zənginliyi, bu mədəniyyəti layiqincə qoruyub yaşatması haqqında dəyərli fikirləri verilib.
Yeni nəşrdə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış və bağlanış tədbirləri, bununla bağlı yaradılmış Təşkilat Komitəsinin iclasları və konfranslar haqqında məlumat verilir. Həmçinin burada keçirilən tədbirlərə aid fotoşəkillər də yerləşdirilib.
Kitabda diqqətçəkən məqamlardan biri də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn qonaqların - İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Dusen Kasseinov, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi, Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Ahmet Abdullanın qədim diyarımızla bağlı dəyərli fikirləri və təəssüratlarıdır. Kitabda il ərzində bununla əlaqədar keçirilən tədbirlər, konfranslar, sərgilər, konsert proqramları barədə də ətraflı məlumat verilir. Son səhifələrdə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı nəşr edilən kitabların, həmçinin bununla əlaqədar hazırlanan zərfin, poçt markalarının, döş nişanı və gümüş medalların fotoşəkilləri də əks olunub.
Yeni nəşrin sonunda isə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbiri işıqlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktorunun müavini Əminə əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaşın iştirak etdiyi, milli musiqi və rəqslərimizin təqdim olunduğu tədbir oxuculara çatdırılır.