CƏMİYYƏT
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir
Naxçıvan, 20 noyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, alay komandiri, polkovnik İspəndiyar Əhmədov demişdir ki, bu gün hərbi hissədə əlamətdar bir gündür. Məhz bu gün xidmətə yeni başlayan əsgərlər hərbi and içirlər.
Bildirilmişdir ki, hərbi and müqəddəsdir. Bu and hər bir hərbi qulluqçunu mübariz olmağa çağırır. Gənc əsgərlər komandirlərin öyrətdikləri bilikləri dərindən mənimsəməli, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında, zərərçəkmiş əhaliyə ilkin tibbi və digər yardımların göstərilməsində komandirlərin əmrlərinə tabe olmalıdırlar. Bu gün and içən hər bir əsgər doğma Azərbaycanımızın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində layiqincə duracağına, texnikanın sirlərinə bələd olacağına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının əsgəri kimi Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə şərəf sözü verir.
Sonra alayın gənc əsgərləri hərbi and içmişlər.
Mərasimdə Mülki Müdafiə Alayının zabiti Aslan Əliyev çıxış edərək bildirmişdir ki, Mülki Müdafiə Alayının qarşısında duran əsas vəzifələr əhalinin və ərazilərin fövqəladə hadisələrdən, yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su hövzələrində insanların təhlükəsizliyinin, təbii texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsinin təmin edilməsindən ibarətdir. Əminliklə demək olar ki, Mülki Müdafiə Alayı sıralarına qatılan gənc əsgərlər bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.
Tədbirdə gənc əsgərlər adından Vəli Rzayev çıxış edərək anda sadiq qalacaqlarına, hərbi xidməti nümunəvi başa vuracaqlarına söz vermişdir.
Valideynlər Solmaz Nuriyeva, Səyyad İbrahimov çıxışlarında övladlarının Vətənə xidmət andı içməsindən iftixar duyduqlarını bildirərək onlara nümunəvi xidmət etməyi tövsiyə etmişlər.
Sonda Azərbaycan Respublikasının dövlət himni oxunmuş, gənc əsgərlər təntənəli marş sədaları altında nizami addımlarla tribuna önündən keçmişlər.