RƏSMİ XRONİKA
Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilib VİDEO
Naxçıvan, 11 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.
Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.
Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.