Naxçıvanda “Gənclər bağı” salınıb
Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri ətrafında, bir hektarlıq ərazidə Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər bağı” salınıb.
AZƏRTAC xəbər verir ki, bağın salınmasında Gənclər və İdman Nazirliyinin və nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından əlavə, ali və orta ixtisas məktəblərinin tələbələri, internet resursları və sosial şəbəkələr vasitəsilə könüllülük prinsipi əsasında qeydiyyatdan keçmiş 200 nəfərədək gənc də iştirak edib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov gəncləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Nazir vurğulayıb ki, 2018-ci il muxtar respublikanın həyatında bir sıra əlamətdar hadisələrlə tarixə yazılacaq. Belə ki, Naxçıvan İslam Mədəniyyəti Paytaxtı olmaqla yanaşı, eyni zamanda, internet səsverməsi nəticəsində ölkəmizin Gənclər Paytaxtı seçilib. Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublikada həm ölkə, həm də beynəlxalq səviyyəli tədbirlər keçiriləcək.
“Bu tədbirlər Naxçıvan gənclərinin intellektual səviyyəsinin artırılması, eləcə də Naxçıvanın tanıdılmasına səbəb olacaq. Həmçinin bu, naxçıvanlı gənclərlə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında mühüm rol oynayacaq”, - deyən Azad Cabbarov bildirib ki, Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı olması ilə bağlı hazırlanan tədbirlər planında gənclər sferasını əhatə edən layihələrdən biri də “Gənclər bağı”nın salınması idi. Nazir tədbirdə iştirak edən hər bir gəncin timsalında Azərbaycan, Naxçıvan gənclərini təbrik edib, onlara uğurlar diləyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun direktoru Məmməd Babayev isə çıxışında Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə ölkə səviyyəsində mühüm layihələr həyata keçiriləcəyini qeyd edib. “Gənclər bağı”nın salınmasında iştirak edən gəncləri təbrik edən Məmməd Babayev, onlara təhsillərində və işlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra “Gənclər bağı”nın salınmasına start verilib, müxtəlif meyvə növlərinə məxsus 750 ting əkilərək, suvarılıb və gübrələnib. Əkilmiş ağaclar bundan sonra da davamlı olaraq diqqətdə saxlanılacaq və müntəzəm qaydada onlara aqrar-texniki qulluq göstəriləcək.