Naxçıvanda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi silsilə tədbirlərlə anılıb
Naxçıvan, 29 aprel, AZƏRTAC
Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Tibb elmində neçə-neçə ideyanın əməli işdə gerçəkləşdirilməsi onu yenilikçi alim kimi tanıdıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə danışılıb.
Tədbir iştirakçıları əvvəlcə poliklinikanın foyesində akademikin büstü önünə gül dəstələri qoyub, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Poliklinikanın iclas zalında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbi, xalqa təmənnasız xidmət nümunəsi olan görkəmli akademik Zərifə Əliyevanın çoxşaxəli həyat yolundan, xalqımız qarşısında böyük xidmətlərindən danışıb.
Bildirilib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alimin adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında Prezident İlham Əliyev Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib.
Vurğulanıb ki, geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid “Zərifə xanım Əliyeva fədakar ana, vəfalı həyat yoldaşı və görkəmli elm xadimi kimi” mövzusundakı çıxışında bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Bütün sahələrdə öz imzaları ilə böyük nüfuz sahibi olan qadınlarımızın adları çoxəsrlik tariximizin şanlı səhifələrinə əbədi olaraq qızıl hərflərlə yazılıb. Onlar hər zaman xüsusi ehtirama, diqqətə layiq olublar. Zaman keçdikcə dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artıb, o, ictimai həyatın fəal iştirakçısına çevrilib, hətta digər ölkələrin qadınlarına örnək göstərilib.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan Zərifə xanım Əliyeva da məhz bütün dünyaya örnək olan belə qadınlarımızdan, analarımızdandır.
“Naxçıvan dünya tarixinə qadınlıq və analıq nümunəsi sayılan, tarixdə fəaliyyəti ilə ad qazanan çox sayda qadın bəxş edib. Lakin onlardan dövlət başçısının həyat yoldaşı və anası statusunu daşıyan, elmi, dünyagörüşü, siyasi uzaqgörənliyi ilə bütün dünyada tanınan və tarixdə şərəfinə abidə ucaldılan iki qadın - Möminə xatun və Zərifə xanım Əliyevanın yeri əvəzolunmazdır”, - deyən Surə Seyid qeyd edib ki, Zərifə xanım Əliyeva elmi nailiyyətləri ilə Azərbaycan tibb elminin, eyni zamanda, ictimai fəaliyyəti ilə ictimai fikir tariximizin inkişafında tanınmış şəxsiyyətlərdəndir. Akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına və ən yüksək elmi adlara layiq görülüb.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.
Qeyd olunub ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.
Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və ictimai fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi bu böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Diqqətə çatdırılıb ki, dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanı nəinki alim, eyni zamanda, bir qadın və ana kimi yüksək qiymətləndirərək haqqında tarixi fikirlər söyləyiblər. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin böyük insani keyfiyyətlərə malik olduğunu vurğulayırdı. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı”, professor V.V.Şmelyeva “əvəzolunmaz insan” adlandırırdı.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də - ölkəmizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq nümunədir”.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Akademik Zərifə xanım Əliyeva əsl Azərbaycan qadını kimi” mövzusunda çıxışında bildirib ki, Zərifə xanım mənalı və zəngin həyat yolu keçib. Səmimilik, alicənablıq, birinci növbədə, özünə, daha sonra ətrafdakılara tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına, ailəsinə sönməz məhəbbət böyük alimə xas cəhətlər idi.
Poliklinikanın baş həkimi Səadət Əlizadə “Zərifə xanım Əliyevanın xeyirxahlıq, ağıl və qüdrət məktəbi” mövzusundakı çıxışında görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib.
Tədbir iştirakçıları akademikin mənalı ömür yolunu əks etdirən xronikaya baxıblar.
Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirlər söyləyiblər.
Sonra Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının bir qrup həkimi Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkib.
Tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnələr göstərilib. Uşaqlar bayram personajları ilə birlikdə rəqs ediblər, onlar üçün çay və şirniyyat süfrəsi açılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
X X X
Kəngərli rayonunun Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulub, adını daşıyan muzeyə baxış keçirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, insanlara nur bəxş edən, qayğıkeşliyi, nikbinliyi ilə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib.
Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxışında görkəmli alimin keçdiyi həyat yoluna nəzər salıb, onun yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında və göz xəstəliklərinin müalicəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov alimin həyat və fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri barədə danışıb.
Sonda məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər söyləyib, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxıblar.
X X X
Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının akt zalında Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin inkişafına mühüm töhfələr verən, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan akademik Zərifə xanım Əliyevanın şərəfli və zəngin həyat yolu barədə danışıb.
Qeyd edilib ki, unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə kömək göstərib, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayıb.
Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi Güllü Səfərova Zərifə xanım Əliyevanın geniş elmi fəaliyyətindən danışaraq bildirib ki, akademik 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.
Ən geniş yayılmış göz xəstəlikləri sırasında olan katarakta barədə söz açan oftalmologiya ixtisası üzrə müəllim Rəhmiyyə Əliyeva bu xəstəliyin göz büllurunun şəffaflığının pozulması nəticəsində meydana gəldiyini diqqətə çatdırıb.
Oftalmologiya ixtisası üzrə I kurs həkim-rezident Aynur Əliyeva Günəşin gözlərə zərərli təsiri və müdafiə yollarından danışıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
X X X
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, görkəmli alim Zərifə Əliyevanın yüksək mənəvi zənginliyə malik irsi bu gün hər birimiz üçün əhəmiyyətlidir. Məhz Zərifə xanımın böyük zəhməti sayəsində Azərbaycanda oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanılıb.
Tədbirdə institutun Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov “Akademik Zərifə xanım Əliyeva: gənc nəsillərə nümunə” mövzusunda çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva 96 il bundan əvvəl görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarıb. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil alıb və elmi tədqiqatla məşğul olub. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır.
Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
X X X
Naxçıvan Tibb Kollecində Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransda “Akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva deyib ki, Zərifə xanımın yaşadığı mənalı həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkimlərimiz üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Akademikin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Yazgül Rzayeva diqqətə çatdırıb ki, Zərifə xanım Əliyevanın traxoma xəstəliyinin müalicəsi istiqamətində gördüyü işlər milyonlarla insanı bu xəstəlikdən xilas edib. Kliniki və nəzəri oftalmologiyanın bir sıra aktual məsələlərinə həsr olunan yeni və uğurlu tədqiqatların əsasını qoyan Zərifə xanım Əliyeva Azərbaycanda kimya sənayesinin genişlənməsi və inkişafı ilə bağlı görmə üzvünə kimyəvi maddələrin təsiretmə mexanizmlərinin praktik olaraq aşkar edilməsi kimi ciddi işlərin də təməlini qoyub. 1968-ci ildən isə Zərifə xanım peşə oftalmologiyası məsələləri ilə sistemli şəkildə məşğul olmağa başlayıb.
Vurğulanıb ki, genişmiqyaslı klinik müşahidələrin və eksperimental tədqiqatların yekunu olaraq, onun indiyədək əhəmiyyətini itirməyən əsərləri və monoqrafiyaları meydana gəlib.
Yazgül Rzayeva qeyd edib ki, bütün həyatını, elmi-pedaqoji fəaliyyətini oftalmologiyanın çoxşaxəli problemlərinə həsr edən Zərifə xanımın gənc həkimlərin və oftalmoloq alimlərin yetişməsində də xüsusi xidmətləri olub.
Tədbirdə YAP Naxçıvan Şəhər Təşkilatı Tibb Kolleci ərazi ilk təşkilatının sədri Leyla Vəliyevanın “Böyük ana haqqında düşüncələr”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının oftalmoloqu Kəmalə Əliyevanın “Akademik Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin V kurs tələbəsi Bənövşə Qasımovanın “Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
X X X
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı illiyi münasibətilə Əziz Əliyev adına Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirib.
Məqsəd aztəminatlı ailələrin uşaqları üzərində cərrahi əməliyyatların aparılması olub.
Səyyar aksiyadan əvvəl yerli tibb işçiləri tərəfindən cərrahi əməliyyata ehtiyacı olan uşaqlar müayinədən keçirilib və onlar xəstəxanaya dəvət ediliblər.
Cərrahi əməliyyatlar Mərkəzi Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Şəhla İmanova, cərrah İldırım İbrahimov və anestezioloq Qərənfil Bədəlova tərəfindən aparılıb. Briqadada, həmçinin 2 əməliyyat, 2 anesteziologiya üzrə tibb bacısı və sanitarlar da təmsil olunublar. Yerli həkim və orta tibb işçiləri briqadanın səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıblar. Aksiyanın ilk günü 19 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Onlar bir neçə saat həkim müşahidəsi altında saxlanıldıqdan sonra evə buraxılıblar.
Şahtaxtı kəndindən Yusif Quliyevin iki övladının cərrahi əməliyyatı keçirilib. O, övladlarını başqa yerlərə aparmadan yüksəkixtisaslı həkimlər tərəfindən əməliyyat olunduğuna görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.