NAXÇIVANDA PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvanda Muxtar Respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşəbbüsü ilə “İnsan hüquq və azadlıqları sistemində seçki hüququnun əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının, dairə, məntəqə seçki komissiyalarının sədrləri və üzvlərinin iştirak etdikləri müşavirəni MR MSK-nın sədri Məhərrəm Qasımov açaraq, qarşıdakı prezident seçkiləri ilə əlaqədar regionda həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova “Əsas insan hüquq və azadlıqları sistemində seçki hüququnun rolu və əhəmiyyəti”, Ali Məclis Aparatının şöbə müdiri Cəlil Rüstəmov “Azərbaycan Respublikası Seçki Məcəlləsi: əsas anlayışlar, prinsiplər, seçki hüququnun təminatı”, MR MSK-nın sədri Məhərrəm Qasımov “Azərbaycan Respublikasında prezident seçkilərinə hazırlıq işinin təşkili”, Naxçıvan MR Ali Məhkəməsinin sədri Hafiz Nəsibov “Seçki subyektləri, seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyətin növləri”, MR Ədliyyə Nazirliyinin şöbə rəisi Ayaz Məhərrəmov “Azərbaycan Respublikasının seçki sisteminin hüquqi mahiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər.
Seminar-müşavirə iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.