REGİONLAR
Naxçıvanda ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata çatıb
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye İli” elan edilmiş 2022-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olub. Bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 4800,5 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,7 faiz təşkil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 2,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,5 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,6 faiz artıb.