Naxçıvanda Zərifə Xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd olunub VİDEO





Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Zərifə xanımın səhiyyə sahəsindəki əvəzsiz xidmətlərinin bir daha xatırlanması və onun irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb.
Əvvəlcə Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında onun büstü önünə gül dəstələri düzülüb.
Tədbirin əsas hissəsi Naxçıvan Muxtar Respublikası Xəstəxanasında keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi misilsiz töhfələri vurğulayıb, səhiyyə sistemindəki irsinin dərin təsir yaratdığını və bu gün səhiyyə sahəsində aparılan islahatlarda onun dəyərli mirasının özünü göstərdiyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Hüseyn Ələsgərov Zərifə Xanım Əliyevanın tibb elmindəki böyük töhfələrini vurğulayıb və onun oftalmologiya sahəsindəki müstəsna rolunu qeyd edib. O, çıxışında Zərifə xanımın insanlara olan sonsuz sevgisi və öz işinə bağlılığının hər kəsə örnək olduğunu bildirib.
Cərrah-oftalmoloq Məhəmməd Vəliyev Zərifə xanımın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Görmək Gözəldir" aksiyasının əhəmiyyətinə toxunub. Həkim aksiyanın Naxçıvanın müxtəlif bölgələrində geniş miqyasda həyata keçirildiyini və yüzlərlə vətəndaşın oftalmoloji müayinələrdən keçirildiyini qeyd edib.
Sonra Naxçıvan Sağlamlıq Mərkəzinin oftalmoloq həkimləri “Görmək Gözəldir” aksiyasında göstərdikləri müstəsna xidmətlərə görə xüsusi təşəkkürnamələrlə təltif olunublar.
Sonda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və Zərifə Xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.