Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir
Bakı, 14 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin müəssisədənkənar ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilmişdir.
AMEA-nın Naxçıvan Bölməsindən AZƏRTAC-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan etmişdir.
Vurğulanmışdır ki, Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixinin taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfələrini vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Naxçıvanın inkişaf dinamikasının təməlində muxtariyyət statusu dayanır”, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyət kimi”, Təbii Ehtiyatlar İnstitutunun iqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı”, YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Beynəlxalq təcrübədə muxtariyyətlər və Naxçıvan muxtariyyəti” mövzularında elmi məruzələri dinlənilmişdir.
Məruzələrdə qeyd olunmuşdur ki, beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırmışdır. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan dövlətinin başçısı Naxçıvana son səfəri zamanı da burada görülən işləri yüksək qiymətləndirmişdir.