Naxçıvanlı şagirdlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 27 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının Naxçıvandan olan iştirakçıları martın 27-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra tur-aksiya iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Naxçıvan şəhər tam orta məktəbinin şagirdi Fikrət Hüseynov müxbirimizə müsahibəsində ulu öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət etməyin onun ən böyük arzularından biri olduğunu, bu gün bu arzusunun reallaşdığını bildirib. Bu tur-aksiyada iştirak etməklə paytaxt Bakının tarixi və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq imkanı qazandığını deyən şagird əldə etdiyi məlumatları Naxçıvana qayıtdıqdan sonra dostları ilə bölüşəcəyini bildirib.
Culfa rayon Camaldın kənd tam orta məktəbinin şagirdi Zeynəb Nağıyeva tur-aksiyasının maraqlı, eyni zamanda, faydalı olduğunu deyib. Tarixi abidələrin xüsusi gözəlliyini vurğulayan məktəbli şəhərdə yüksək bayram əhval-ruhiyyəsinin olduğunu söyləyib. Naxçıvanlı şagird tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini qeyd edib.
Sonra şagirdlər üçün Dənizkənarı Milli Parkda gəzinti təşkil olunub.