İDMAN
Nazim Babayev: Azərbaycan rekordunu yeniləmək,medal və lisenziya qazanmaq istəyirəm

Bakı, 31 may (AZƏRTAC, Səxavət Quliyev). Hazırlıq zamanı məşqçilər mənə lazımi məlumatları vermişdi. Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma məqsədim medal qazanmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirində üç təkanla tullanma yarışlarında finala yüksəlmiş Azərbaycan idmançısı Nazim Babayev demişdir.
İlk mərhələdə Azərbaycan rekordunu yeniləmək istədiyini vurğulayan idmançımız demişdir ki, nəticədə yalnız turnirin rekordunu yeniləmək alındı. Finalda iddialıyam. İyunun 1-də Azərbaycan rekordunu yeniləmək, medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyirəm. Arzum finalda Vətənimə qızıl medal qazandırmaq və Azərbaycanın himnini səsləndirməkdir.