SİYASƏT
Nazir: Azərbaycan müxtəlif perspektivləri və prioritetləri bir araya gətirən körpü rolunu oynamağa qərarlıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Ölkəmizin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onun mənfi təsirlərinin azaldılması və tədqiqat sahələrində investisiyalarını təşviq edəcək. Bu fond inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi, münaqişələr və həssas icmalar arasındakı qarşılıqlı təsir həm planetimizin təhlükəsizliyini, həm də cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir. Ən həssas icmaları qorumaq üçün birgə həll yolları müəyyən edilməlidir. Bu səbəbdən Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 - İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb.
"Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Bu yanaşma, xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla, iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir.
Eyni zamanda, enerji saxlanılması və şəbəkələrinin genişləndirilməsi təşəbbüsü, 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini artıraraq, dayanıqlı enerjiyə əlçatanlığı və davamlı inkişaf imkanlarını genişləndirməyə töhfə verəcək.
Bizim öhdəliyimiz yalnız dialoqu təşviq etməklə məhdudlaşmır. Azərbaycan, müxtəlif perspektivləri və prioritetləri bir araya gətirən bir körpü rolunu oynamağa qərarlıdır. Şərqlə Qərbin qovuşduğu bir ölkə kimi, inkişaf etmiş, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr arasında dialoqu asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün bütün mümkün səyləri göstəririk”, - deyə Muxtar Babayev qeyd edib.
Nazir vurğulayıb ki, qəbul etdiyimiz hər bir qərarın gələcək nəsillər üzərində əhəmiyyətli təsiri olacaq. Bugünkü seçimlərimiz yalnız bu günümüzü deyil, həm də gələcək nəsillərin həyat keyfiyyətini, ekosistemlərin davamlılığını və təbii resursların qorunmasını müəyyən edəcək.