Nazir: Bu ilin əvvəli ölkə üzrə çalışan tibb işçilərinin sayı 92 min 896 nəfər olub VİDEO
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna müvafiq olaraq onlar 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2024-cü ildə 18 min 502 tibb işçisi sertifikasiya imtahanlarında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib.
O bildirib ki, 2025-ci ilin əvvəlinə ölkə üzrə çalışan tibb işçilərinin sayı 92 min 896 nəfər olub. Onlardan 35 min 233 nəfərini həkim, 57 min 663 nəfərini orta tibb işçiləri təşkil edir. 2025-ci ilin ilk 4 ayı ərzində 5498 tibb mütəxəssisi sertifikasiya imtahanlarına qatılıb. Həmin tarixdə imtahan iştirakçılarının 91 faizi ilk dəfədən uğur qazanıblar. İmtahanlarda birinci cəhddə uğursuz nəticə əldə etmiş mütəxəssislərin təxminən 95 faizi ikinci cəhddə uğurlu nəticə göstərib.