İQTİSADİYYAT
Nazir müavini: Azərbaycandan keçən ixrac dəhlizləri Mərkəzi Asiyadan Avropaya yaşıl enerji nəqlinə imkan verəcək
Astana, 6 avqust, AZƏRTAC
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Astanada Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov məlumat verib.
Nazir müavini qeyd edib ki, 2023-cü ilin avqustunda Özbəkistan Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsinə dair Hökumətlərarası Saziş və iki ölkənin energetika nazirlikləri arasında “2023-2025-ci illər üçün enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
Nazir müavini vurğulayıb: “İmzalanmış sənədlər çərçivəsində həm neft-qaz sahəsində, həm də bərpaolunan enerji mənbələri üzrə uğurlu əməkdaşlıq davam edir. Neft məhsullarının qarşılıqlı ticarəti üçün “Turan Energy” adlı birgə müəssisə yaradılıb, neft-qaz layihələrində qarşılıqlı iştirak məsələsi də nəzərdən keçirilir”.
Qazaxıstanla energetika sahəsində əməkdaşlıqdan danışan nazir müavini ötən ilin mart ayından qazax neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunduğunu vurğulayıb. O əlavə edib: “Bu əməkdaşlığın müsbət dinamikası perspektivdə neftin nəqli səviyyəsini yüksəltməyə imkan verir”.
O.Zeynalov daha sonra qeyd edib: “Enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib”. Onun sözlərinə görə, yaşıl enerjinin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var. “Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə Texniki Tapşırığı təsdiq ediblər. Birgə işçi qrupu Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün CESI (İtaliya) konsaltinq şirkəti seçilib”, -deyə o bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikasının hökumətləri arasında yaşıl enerjinin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında Saziş layihəsinin mətni də razılaşdırılıb, onun yüksək səviyyədə imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsinə kömək edəcək.
O.Zeynalov vurğulayıb: “Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resurslarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana