CƏMİYYƏT
Nazir müavini: COP-29-a gələn qonaqların sağlamlığının təmin edilməsi üçün profilaktik tədbirlər həyata keçirilir
Bakı, 30 oktyabr, AZƏRTAC
“Ölkəmizdə noyabr ayında keçiriləcək böyük beynəlxalq tədbir – COP29 konfransı miqyasca geniş olmaqla yanaşı, qlobal arenada əhəmiyyətli təsirə malikdir. Azərbaycan olaraq bu tədbirə yüksək səviyyədə ev sahibliyi etmək üçün bütün imkanlarımızı birləşdirərək hazırlıq işləri görmüşük. COP29-un mövzu və təşkilatçılıq baxımından yüksək səviyyədə həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur və bunun ölkəmiz üçün böyük əhəmiyyəti var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib.
N.Zeynalov bildirib ki, COP29 konfransı çərçivəsində ən vacib məsələlərdən biri tibbi xidmətlərin yüksək səviyyədə təşkili ilə bağlıdır: “Xəstəliklərin vaxtında aşkarlanması, müayinəsi və müalicəsi Azərbaycan səhiyyəsinin əsas hədəfləri arasındadır. Bu istiqamətdə TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və COP29 Azərbaycan Əməliyyat Şirkəti birlikdə hazırlıqları davam etdirir. Profilaktik tədbirlərdən xəstəliklərin müalicəsinə qədər geniş sahələri əhatə edən tibbi xidmətlər qonaqların sağlamlığını qorumağa yönəlib”.
Səhiyyə nazirinin müavini qeyd edib ki, tədbirə gələn qonaqların sağlamlıq vəziyyətinin təhlükəsiz şəkildə təmin edilməsi üçün müxtəlif profilaktik tədbirlər həyata keçirilir: “Dünyanın müxtəlif yerlərindən – Asiya, Afrika və Latın Amerikası ölkələrindən gələn iştirakçıların tibbi vəziyyətini nəzərə alaraq, potensial xəstəliklər barədə məlumatlı olmaq və önləyici tədbirlər görmək prioritet təşkil edir. Qonaqların səhhəti ilə bağlı hər hansı problemin vaxtında aşkarlanması üçün məsafədən bədən hərarətinin ölçülməsi və ilkin diaqnostika üsullarından istifadə olunacaq. Bu proseslər Beynəlxalq Hava Limanında tətbiq ediləcək və hər hansı bir xəstəlik aşkarlandığı halda, dərhal müvafiq tədbirlər görüləcək”.
“COP29 konfransı Azərbaycanın beynəlxalq səviyyədə təşkilatçılıq bacarığını nümayiş etdirməsi üçün mühüm bir platformadır. Bu tədbirin uğurla həyata keçirilməsi üçün tibbi xidmətlərin düzgün təşkili və qonaqların sağlamlığının qorunması məsələlərinə xüsusi diqqət ayrılır. Məqsədimiz budur ki, ölkəmizə gələn hər bir iştirakçı təhlükəsiz və sağlam şəraitdə konfransda iştirak etsinlər”, - deyə Nadir Zeynalov əlavə edib.