Nazir müavini: Kənd təsərrüfatını ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmalar tətbiq edirik

Bakı, 13 may, AZƏRTAC
Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılışında çıxışı zamanı deyib.
O qeyd edib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb.
“Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır. İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün biz innovativ yanaşmalar tətbiq edirik.
Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq”, - deyə o bildirib.
E.Zeynalov əlavə edib ki, builki sərginin əhəmiyyətini artıran mühüm hadisələrə balıqçılıq və akvakultura sahəsinin də sərgidə təmsil edilməsi və II Beynəlxalq Aqrar İnnovasiya Forumunun keçirilməsidir: ““Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır. Eyni zamanda, forum çərçivəsində fermerlər və aqrobiznes nümayəndələri üçün yeni imkanlar açacaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq. Ümid edirəm ki, sərgi kənd təsərrüfatı sahəsində çalışan hər kəs üçün faydalı olacaq, onların təcrübələrini artıracaq və biznes imkanlarını genişləndirəcək”.