Nazirlik rəsmisi: Davamlı inkişaf, sağlam həyat və yaşıl gələcək üçün ekoloji maarifləndirməyə önəm verilməlidir

Bakı, 15 aprel, AZƏRTAC
Ekoloji Biliklər Günü ətraf mühitə dair maariflənmənin artırılması, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əslində, bu istiqamətdə fəaliyyətlər təkcə bu günlə məhdudlaşmır. İl ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində ali və orta təhsil müəssisələrində, həmçinin məktəbəqədər yaş qrupuna aid uşaqlar arasında ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif mövzularda maarifləndirici təlimlər, görüşlər və praktik məşğələlər təşkil olunur. Sözügedən fəaliyyətlər təkcə Bakı-Abşeron bölgəsində deyil, eyni zamanda, regionlarda da Nazirliyin regional idarələrinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova Ekoloji Biliklər Günü ilə əlaqədar deyib.
“Hər il aprelin 15-i dünyanın bir çox ölkəsində Ekoloji Biliklər Günü qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviq edilməsi, ekoloji təhsilin əhəmiyyətinin vurğulanması və əhalinin mövcud ekoloji problemlər barədə məlumatlandırılmasıdır. Ekoloji maarifləndirmənin qlobal səviyyədə əhəmiyyət daşıdığı 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı zamanı bir daha təsdiqlənmişdi. Bu konfrans ekoloji problemlərə beynəlxalq diqqətin artırılması baxımından dönüş nöqtəsi olmuş, davamlı inkişaf və ekoloji təhsil sahəsində mühüm qərarların qəbul olunmasına səbəb olmuşdu”, - deyə Səyyarə Məmmədova bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ekoloji Biliklər Günü ilə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran S.Məmmədova qeyd edib: “Keçirilən tədbirlərdə ətraf mühitin qorunmasına yönəlmiş bir çox mühüm mövzuya diqqət çəkilir. Tədbirlər çərçivəsində yaşıllıqların mühafizəsi, biomüxtəlifliyin qorunması, tullantıların düzgün idarə olunması və digər ekoloji istiqamətlərə xüsusi önəm verilir. Uşaqlar üçün müxtəlif master-klaslar, interaktiv formatlı təlimlər təşkil olunur, eyni zamanda, müsabiqələr və startaplar keçirilir. Bu cür fəaliyyətlər, gənc nəslin ekologiya və ətraf mühit məsələlərinə marağını artırmaq məqsədini daşıyır.
Həmçinin nazirliyin fəaliyyət istiqamətləri üzrə praktiki biliklərin aşılanması məqsədilə uşaqlar üçün Milli Hidrometeorologiya Xidməti nəzdindəki Situasiya Mərkəzinə səfərlər təşkil edilir, hidrometeoroloji müşahidələrin təşkili, qəbulu, emalı, vizuallaşması və əldə edilmiş məlumatlar əsasında hava proqnozlarının hazırlanması prosesi ilə tanış olurlar, "AzeLab" tərəfindən su və torpaq analizlərinin nümunələri üzərində analizlərin aparılma qaydaları izah olunur. Milli parklara təşkil edilən səfərlər zamanı uşaqlar, təbiət aləmi ilə yaxından tanış olur, burada flora və fauna haqqında ətraflı məlumat əldə edirlər. Müxtəlif ekoloji aksiyalara, məsələn, təmizlik və ağacəkmə aksiyalarına cəlb olunurlar.
Bu günün məqsədi yalnız uşaqların ekoloji məsələlərə dair biliklərini artırmaq deyil, eyni zamanda, onların bu sahədə aktiv iştirakçı olmalarını təmin etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi bu tədbirlər çərçivəsində “ETSN-də bir gün” layihəsini də qeyd etmək istərdim ki, elə bu gün növbəti görüş də keçirilib. Uşaqlar müxtəlif istiqamətlər üzrə həyata keçirilən işlərlə tanış olublar, onlarla fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Geologiya Muzeyinə səfər edib, süxur, filiz, mineral və kristalların seçmə nümunələri ilə tanış olublar.
“Ekoloji biliklərin aşılanması təkcə bir günlə məhdudlaşmamalıdır. Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri ekoloji maarifləndirmədir və bu proses il boyu müxtəlif tədbirlər vasitəsilə davam edir. Davamlı inkişaf, sağlam həyat və yaşıl gələcək üçün ekoloji maarifləndirməyə önəm verilməlidir”, - deyə Səyyarə Məmmədova vurğulayıb.