Nazirlik: Son 20 ildə qeyri-neft ixracı 0,26 milyard dollardan 3,05 milyard dollara yüksəlib

Bakı, 19 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə adambaşına ümumi daxili məhsul (ÜDM) istehsalı 769 ABŞ dollarından 7.798 ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına, qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7 faizdən 5,5 faizə enib.
Bu barədə İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.
Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib.
Həmçinin bu dövrdə ölkəmizin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər də ixracın artımını stimullaşdırır.
“İqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması bu kontekstdə dəyərləndirilə bilər. Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib”, - deyə nazirlikdən bildirilib.