REGİONLAR
NDU-da beynəlxalq səviyyədə akkreditasiya olunan ixtisaslar artırılacaq, Alman dili Mərkəzi açılacaq







Naxçıvan, 24 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına və 2025-ci ildə nəzərdə tutulan layihələrə həsr olunmuş müşavirə keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor Elbrus İsayev Dövlət Proqramının regionun inkişafı üçün önəmli layihələri əhatə etdiyini və universitetin strateji hədəflərinə çatmasında mühüm rol oynadığını deyib. Bildirilib ki, yeni ixtisaslar – İnformasiya təhlükəsizliyi, Tibb (ingilis dilində), Nanoelektronika və MBA (Səhiyyənin idarə edilməsi) proqramlarının açılması universiteti yeni zirvələrə yüksəldib. Xüsusilə, Tibb fakültəsində SABAH qruplarının yaradılması tələbələrə yüksəksəviyyəli təhsil mühiti təqdim edib.
Vurğulanıb ki, beynəlxalq IELTS və SAT imtahanlarının keçirilməsi tələbələrə biliklərini qlobal standartlara uyğun təsdiqləmək imkanı yaradıb. Rektor qeyd edib ki, NDU-nun nəzdində yaradılan Kembric Beynəlxalq Məktəbi və İngilis dili Təmayüllü Gimnaziya regionda beynəlxalq təhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetin İqtisadi məsələlər üzrə rektorun müşaviri Ülvi Baxışlı 2024-cü ildə Dövlət Proqramı layihələrinin icrası ilə bağlı görülmüş işlərdən bəhs edərək bildirib ki, universitetin nəzdində ingilisdilli Gimnaziya və Kembric Beynəlxalq Məktəbi təsis edilib, lisenziya alınaraq məktəbin strukturu formalaşdırılıb. Qeyd olunub ki, müvafiq tələblərə uyğun müəllim qəbulu həyata keçirilib, məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 min 748 manatlıq dərslik və müxtəlif Kembric nəşri olan kitablar, 151 min 440 manatlıq elektron tədris avadanlıqları təminatı reallaşdırılıb.
Müşavir vurğulayıb ki, Tibb fakültəsində SABAH qruplarına tələbə qəbulu uğurla həyata keçirilib və 21 tələbə tədrisə başlayıb. Tibb fakültəsi, Tibb Kolleci və Tibbi-Tədqiqat Klinikası üçün nəzərdə tutulan ikinci kampusun yaradılması prosesi 2025-ci ilin tədbirlər planına keçirilib. Ülvi Baxışlı əlavə edib ki, Çankırı Karatekin Universiteti ilə NDU-nun İqtisadiyyat ixtisası üzrə ikili diplom proqramı 2024-2025-ci tədris ilindən başlayıb. Eyni zamanda, Macarıstanın John Von Neumann Universiteti ilə kompüter mühəndisliyi üzrə ikili diplom proqramı üçün müqavilə bağlanıb və müvafiq qurumlara təsdiq üçün təqdim olunub. 2025-2027-ci illərdə nəzərdə tutulan tədbirlərin icrası üçün layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə qeyd edib ki, hazırda universitetin dünyanın 140-dan çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu universitetlərdən 90-a yaxını Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələridir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə Macarıstan, Belarus, Özbəkistan və Qırğızıstan universitetləri ilə ikili diplom və anlaşma memorandumları imzalanıb. Ümumilikdə, ötən il 12 memorandum, 6 ERASMUS razılaşması və 2 ikili diplom layihəsi reallaşdırılıb. Prorektor qeyd edib ki, Hacettepe Universiteti ilə “Tibb bacısı işi” ixtisası üzrə ikili diplom danışıqları aktiv mərhələdədir, NDU Tibb fakültəsinin 139 nəfərlik heyəti Türkiyənin müxtəlif universitetlərində təcrübə keçib. Eyni zamanda, 6 tələbə Azərbaycan Dillər Universitetinə, 2 tələbə isə ABŞ-ın Midwest Universitetinin onlayn proqramına qatılıb. 2025-ci ildə beynəlxalq səviyyədə akkreditasiya olunan ixtisasların artırılması, yeni ikili diplom müqavilələrinin imzalanması və Alman dili Mərkəzinin açılması kimi layihələr nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev bildirib ki, məktəbin missiyası şagirdləri dünyaya müsbət töhfə verən qlobal vətəndaşlar kimi yetişdirməkdir. 2023-cü ildən fəaliyyət göstərən Foundation Proqramı üzrə hazırda 60-a yaxın şagird təhsil alır, bu proqram çərçivəsində ingilis dili və riyaziyyat dərsləri keçirilir. Məktəbdə idarəetmə, müəllim hazırlığı, valideynlərlə iş, kitabların və texniki avadanlıqların təminatı ilə yanaşı, Kembric və yerli attestatların verilməsi, UTİS sisteminə inteqrasiya və elmi sərgilərin təşkili istiqamətində işlər aparılır. Kembric akkreditasiya prosesinin bir hissəsi olaraq, “CELTA – training” mərkəzinin açılması və müəllimlərə TKT sertifikatlarının tövsiyə edilməsi, həmçinin məktəbdə xarici müəllimlərin işə cəlbi və yay məktəblərinin təşkil edilməsi planlaşdırılır.
Sonda rektor Dövlət proqramı ilə bağlı görüləcək işlərə dair tapşırıqlar verib.