İQTİSADİYYAT
“Neft-qaz hasilatında nanotexnologiyaların tədqiq və tətbiq olunması” kitabı çapdan çıxmışdır
Bakı, 1 yanvar (AZƏRTAC). “Neft-qaz hasilatında nanotexnologiyaların tədqiq və tətbiq olunması” kitabı çapdan çıxmışdır.
Azərbaycan Rüspublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, artıq neftqazçıxarma sənayesində nanotexnologiyaların yaradılması və tətbiqinə başlanılmışdır. Bununla əlaqədar olaraq ARDNŞ-nin 2010-2015-ci illəri əhatə edən “Nanoneft” proqramı təsdiq edilmiş, ilk dəfə olaraq neft və qaz quyularının qazılması praktikasında “Nanoneft”, “Nanobitum” və “Nanoomm” sistemləri tətbiq olunmuş, “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılmışdır.
Mərkəz fəaliyyəti dövründə neft və qazçıxarmada nanotexnologiyanın tətbiqi ilə bağlı bir neçə kitab, buklet hazırlamışdır.
Bu günlərdə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin və “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin direktoru, professor Eldar Şahbazovun “Neft-qaz hasilatında nanotexnologiyaların tədqiq və tətbiq olunması” kitabı çapdan çıxmışdır. Kitab neft sənayesində aktual mövzuya - neft hasilatı və quyuların qazılması prosesinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuşdur. Müəlliflər tərəfindən neft sənayesində nanobitum sisteminin tətbiqi üçün elmi cəhətdən əsaslandırılmış vahid yanaşma təklif olunur.
Kitabda ARDNŞ-nin neft və qaz hasilatı sahəsində quyuların qazılması prosesində nanotexnologiyaların tətbiqi təcrübəsi ümumiləşdirilmiş, əldə olunan müsbət nəticələr əksini tapmışdır. Kitab neftçi və qazmaçılar, hasilat və qazmanın səmərəliliyinin artırılması sahəsində çalışan mühəndislər, eləcə də ekologiya üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur.