Neft və Sənaye Universitetində 30 aprel terror aktı qurbanlarının xatirəsi yad edilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınları iştirak ediblər.
Anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. ADNSU-nun kollektivi adından barelyefin önünə əklil qoyulub, gül dəstələri düzüb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 10 il əvvəl törədilmiş dəhşətli terror aktının hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. Həmin gün ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor onların xatirəsinin daim əziz tutulacağını qeyd edib.
Nazir Ceyhun Bayramov universitetdə törədilmiş terror aktını pisləyərək terrorizmə qarşı mübarizənin gücləndirilməsinin önəmindən danışıb.
Sonra terror aktı qurbanlarının yaxınları öz xatirələrini bölüşüblər.
Daha sonra tədbir iştirakçıları ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin 30 aprel faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə 30 aprel hadisəsindən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi nümayiş olunub.