İDMAN
“Neftçi”nin azyaşlı futbolçuları mükafatlandırılmışlar
Bakı, 22 dekabr (AZƏRTAC). “Neftçi” klubu uşaq və yeniyetmə futboluna həmişə diqqət və qayğı ilə yanaşır. Bunun məntiqi nəticəsi kimi, klubun azyaşlı futbolçulardan ibarət iki komandası “Sabahın ulduzları” turnirinin mükafatçısı olmuşdur.
AZƏRTAC xəbər verir ki, “Neftçi” və “Neftçi-2002” klubları müvafiq olaraq gümüş və bürünc medalları qazanmışlar. Komanda üzvlərinə mükafatlar, Unibank Premyer Liqasının XVIII turunun “Neftçi” – “Kəpəz” oyununun fasiləsi zamanı təqdim edilmişdir.
“Neftçi”nin futbolçusu Turan Əhmədov çempionatın ən yaxşı hücumçusu üçün təsis olunmuş mükafata layiq görülmüşdür. “Neftçi-2002” komandasının futbolçusu Musa Qurbanlı isə rəqib qapılarından keçirdiyi 13 topla turnirin bombardiri nominasiyasında qalib olmuşdur. Hər iki futbolçuya “Sabahın ulduzları” yarışının təşkilat komitəsi tərəfindən xüsusi Kubok və diplom verilmişdir.