NƏĞMƏKAR ŞAİRİN YARADICILIQ GECƏSİ
AZƏRTAC xəbər verir ki, mayın 17-də İ.Əbilov adına mədəniyyət mərkəzində tanınmış nəğməkar şair Kəmalə Abiyevanın “Vətən bir də doğulmur” devizi altında yaradıcılıq gecəsi keçirilmişdir.
Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov K.Abiyevanın yaradıcılığından, şeirlərinə bəstələnmiş mahnıların mövzu rəngarəngliyindən danışmışdır.
Bildirilmişdir ki, “Bu şəhərə yağış yağır”, “Bu dünyanı nağıl bilək” və “Vətən bir də doğulmur” adlı üç şeirlər kitabının müəllifi olan Kəmalə Abiyeva daim poezya həvəskarları tərəfindən maraqla oxunmuş və yeni-yeni yaradıcılıq uğurları ilə diqqəti cəlb etmişdir.
Yazıçı-publisist Kamran Nəzirli Kəmalə Abiyevanın müasir poeziyamızdakı rolunu qeyd etmiş və onun Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi və ictimai proseslərdə fəal iştirakını vurğulamışdır.
Natiq demişdir ki, K.Abiyevanın şeirə, sənətə, ədəbiyyata, insana münasibətində çox böyük səmimiyyət vardır. Onun şeirləri insana xoş ovqat, səmimi hisslər, mənalı, fəlsəfi sözün estetik zövqünü bağışlayır. Buna görə də Kəmalə Abiyeva nəğməkar şair kimi tanınır və sevilir.
Tədbirdə çıxış edən digər natiqlər vurğulamışlar ki, Kəmalə Abiyeva müasir qadın şairlər arasında şeirlərinə ən çox mahnı bəstələnən şairdir. Respublikanın tanınmış bəstəkarları onun yaradıcılığına müraciət edərək gözəl musiqi əsərləri yaratmışlar. Məşhur “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Yağış yağır bu şəhərə”, “Son zəng”, “Azərbaycan”, “Ana laylası” və digər mahnılar buna əyani sübutdur.
Gecədə məktəblilər tərəfindən Kəmalə Abiyevanın şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.
######
![]() |
![]() |

