İQTİSADİYYAT
Nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətlərinin qarşısı alınmışdır
Bakı, 15 oktyabr (AZƏRTAC). Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları aradan qaldırılmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə müsahibəsində demişdir.
Nazir belə halların əvvəllər olduğunu, lakin indi tamamilə aradan qaldırıldığını vurğulamışdır. Müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər.
Z.Məmmədov bu məsələdə qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı qanun çərçivəsində mübarizə aparılacağını bildirmişdir.