NƏQLİYYAT NAZİRİNİN İSRAİL SƏFƏRİNİN PROQRAMI ÇOX ZƏNGİNDİR
AZƏRTAC xəbər verir ki, iyunun 11-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin İsrailə rəsmi səfəri başlanmışdır.
Nazirlikdən bildirmişlər ki, iyunun 15-dək davam edəcək səfər İsrail Baş nazirinin müavini, nəqliyyat və yollarda təhlükəsizlik naziri Şaul Mofazın dəvətinə əsasən həyata keçirilir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir. Belə ki, İsrail Baş nazirinin müavinləri Şaul Mofaz və Aviqdor Liderman, ölkə parlamentinin - Knessetin üzvləri, İsrail-Azərbaycan parlament dostluq qrupunun rəhbəri, bu yaxınlarda yaradılmış “ Azİs” Azərbaycandan Köçmüş İsraillilər Assosiasiyasının prezidenti İosif Şaqalla, həmçinin bu ölkənin dəmir yolu xətləri və magistral yollarının tikintisi ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşlər planlaşdırılmışdır.
Həmin görüşlərdə Azərbaycan ilə İsrail arasında nəqliyyat sahəsində əməkdaşlıq, ölkəmizin nəqliyyat sektoru və infrastrukturun qurulması sahəsində həyata keçirilən layihələrdə İsrail şirkətlərinin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaqdır.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin İsrail İxracat İnstitutunun nəqliyyat şirkətlərinin nümayəndələri ilə birgə təşkil edəcəyi görüşdə iştirakı da nəzərdə tutulur. Bu görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin geniş spektri müzakirə ediləcəkdir.
Səfər çərçivəsində nümayəndə heyətimiz Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Yad Vaşen muzeyində də olacaqdır.
Səfərin yekununda ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı Memorandumun imzalanacağı gözlənilir.