Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Novruz bayramını cəbhə bölgəsində əsgərlərlə birgə qeyd ediblər
Bakı, 20 mart, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın tanınmış incəsənət xadimləri Novruz bayramı ərəfəsində Müdafiə Nazirliyinin Bərdədəki “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gediblər. Qonaqlar hərbi hissənin komandanlığı ilə birlikdə əsgərlərin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbət edib, onlara bayram sovqatları çatdırıblar.
AZƏRTAC xəbər verir ki, hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. A.Əsgərov işğal altındakı bütün torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib.
Qonaqlar Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu rayon icra hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi Rayon İcra Hakimiyyəti rəhbərliyinə Novruz bayramı tədbirinin təşkilinə görə minnətdarlığını bildirib.
Sonra respublikamızın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.