Neylüfər Kərimova: Məktəbimizin məzunları respublikamızın tanınmış turizm obyektlərində çalışırlar
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanda turizm sahəsi genişlənir, ildən-ilə sürətlə inkişaf edir. Bu, ölkəmizdə ali və orta ixtisas təhsili ilə yanaşı, ixtisaslı fəhlə kadrların yetişdirilməsinə, peşə təhsilinin inkişafına diqqəti artırmağı tələb edir. Qeyd edək ki, Azərbaycan müstəqillik illərində ilk peşə təhsili sahəsində mühüm uğurlar qazanıb. Bu sahədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı peşə təhsilinin inkişafına güclü stimul verib. Bununla yanaşı, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun standartların və kurikulumların hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulub, konkret inkişaf istiqamətləri müəyyənləşdirilib.
Dövlətimizin qayğı və diqqəti nəticəsində son illər bu sahədə böyük nailiyyətlər əldə olunub. Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin genişləndirilməsi, xüsusilə Bakı Turizm Peşə Məktəbinin yaradılması bu qayğı və diqqətin nəticəsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova deyib. Onun sözlərinə görə, son vaxtlar texniki peşə təhsili müəssisələrinə artan maraq peşə təhsili sahəsində islahatların doğru yolla aparıldığını göstərir. Bunun başlıca səbəbləri təhsil şəraitinin yaxşılaşması, əmək bazarında ilk peşə-ixtisas təhsilli kadrlara tələbatın artması və bir sıra peşə təhsili müəssisələrinin işəgötürən təşkilatlarla səmərəli əlaqələrinin yaradılması vasitəsilə məzunlara iş təklif etmək imkanının yüksəlməsi və s. məsələlərdir.
N.Kərimova bildirib ki, 2016/2017-ci tədris ilində Bakı Turizm Peşə Məktəbinə 500 nəfər qəbul edilib. Məktəbi 463 tələbə bitirib. 2012-ci ildə məktəbə 62 nəfər qəbul olunduğunu nəzərə alsaq, bu, böyük göstəricidir. Bakı Turizm Peşə Məktəbində nəzəri təlim və istehsalat təcrübəsi Təhsil Nazirliyinin təsdiqlədiyi tədris planlarına əsasən keçirilir. Tələbələr məktəbdə tədris olunan 12 ixtisas üzrə istehsalat təlimi və təcrübəsi keçmək üçün “Bakı Turizm Ekskursiya” MMC, “Regea Travel ”, “Aristokrat Travel”, “Ritm Travel” MMC, “Atlas Travel”, “Bosfor Travel”, “ATEF Travel”, “ Welcome Travel”, “ NN Travel” MMC”, “Master Travel”, “Vektor Travel” , “New Baku Hotel”, “Four Seasons Hotel”, “Qafqaz Sport Baku Hotel”, “Boulevard Hotel Baku”, “Bosfer Hotel”, “Badamdar Hotel”, “Qafqaz City Baku Hote”, “Pullman Baku Hotel” kimi turizm müəssisələrinə, muzeylərə və restoranlara göndərilirlər. “Sevindirici haldır ki, hər il məktəbimizi bitirən məzunlar müxtəlif turizm müəssisələrində özlərinə çox asanlıqla iş tapa bilirlər. İndi respublikamızın əksər turizm obyektlərində bizim məktəbin məzunlarına rast gəlmək mümkündür”, - deyə direktor qeyd edib.
Təcrübə göstərir ki, digər xalqların nümayəndələri ilə ünsiyyət qurmaq bacarığı olan mütəxəssislər əmək bazarında özünü realizə etmək üçün böyük imkanlar əldə edirlər. Azərbaycanda turizmin inkişafı istiqamətində görülən tədbirlər təhsil sisteminə müsbət təsirini göstərib. Turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə Bakı Turizm Peşə Məktəbində tələbələrə seçdikləri peşənin sirlərinin aşılanması ilə yanaşı, ölkəmizin füsunkar təbiəti, tarixi-memarlıq abidələri, qədim qaya təsvirləri ya mənzərəli yerlərinin tanıdılması, ümumiyyətlə, regionlarda turizmin potensialının öyrənilməsinə dair mövzular tədris proqramlarına əlavə edilib.
N.Kərimova deyib: “Tələbələrin ixtisas seçimində peşə biliklərini əldə etmələri, bu sahədə əhatələrini genişləndirmələri və ya biliklərinin formalaşmasında geniş informasiya texnologiyalarına yiyələnmələri əsas məqsəddir. Bakı Turizm Peşə Məktəbində təhsil almaq, müəyyən ixtisasa yiyələnmək üçün müraciət edənlərin sayı ildən-ilə artır. Respublikamızın müxtəlif regionlarından, eləcə də Dağıstan və Gürcüstandan gənclər məktəbimizə təhsil almağa gəlirlər”.
Bakı Turizm Peşə Məktəbində tədris olunan müxtəlif ixtisaslar üzrə treninq, seminar və ustad dərslərinin keçirildiyini deyən direktor yeni tədris ilində məktəbə 687 nəfərin sənəd verdiyini, onlardan 520-sinin müxtəlif ixtisaslar üzrə müsahibədən keçərək qəbul edildiyini bildirib.
Məktəb direktorunun tədris istehsalat işləri üzrə müavini Səadət Höcətova bildirib ki, Azərbaycanda turizmin inkişafı bu sahədə olan kadrlara tələbatı artırıb. Məktəbimizdə savadlı kadrların hazırlanması işində ixtisaslı mütəxəssislər çalışırlar. Bu müəllimlər kadrların hazırlanmasında və onların gələcəkdə turizm sənayesində öz yerlərini tutmalarında əllərindən gələni edirlər. “Ümumiyyətlə, tədris prosesi bizdə üç hissədən ibarətdir: nəzəri və istehsalat təlimləri, istehsalat təcrübəsi. Nəzəri təlim sentyabrın 15-dən fevralın 10-dək, yəni 20 həftə davam edir. Fevralın 12-dən 16-dək nəzəri təlim fənlərindən imtahanlar keçirilir. İmtahanlar bitdikdən sonra biz tələbələri istehsalat təliminə yönləndiririk. Bu da yeddi həftə təşkil edir. Aprelin 16-dək davam edir. Həmin tarixdən etibarən artıq istehsalat təcrübəsi başlanır. Tələbələr sənaye müəssisələrinə, əsasən turizm agentliklərinə, restoranlara və mehmanxanalara təcrübə keçməyə göndərilirlər. Bu təcrübə də öz bəhrəsini verir. Tələbələrimiz bacarığından, savadından asılı olaraq çox zaman təcrübə keçdikləri yerlərdə işə qəbul olunurlar”, - deyə S.Höcətova bildirib.
Fidan Yaqublu Bakı Turizm Peşə Məktəbində turizm agenti ixtisası üzrə təhsil alır. O, bu sahəni seçdiyi üçün heç də peşman olmadığını, turizmə uşaq yaşlarından maraq göstərdiyini deyir: “Bu peşənin sirlərinə dərindən yiyələnmək istəyirəm. Əsas məqsədim ölkəmizdə turizm sahəsinin inkişafına töhfə verməkdir. Bu işdə çox maraqlıyam. Xarici turistlərlə işlədiyimiz zaman onları ölkəmizin turizm potensialı ilə maksimum səviyyədə tanış etməyə çalışıram. Ölkəmizdə fəaliyyət göstərən turizm agentliklərinin birində təcrübə keçdim. Təcrübə zamanı səylə fəaliyyət göstərdiyim üçün agentlikdə məni işlə təmin etdilər və hazırda həmin müəssisədən maaş alıram”.
Bakı Turizm Peşə Məktəbində turizm agenti ixtisası üzrə təhsil alan Aydın Əsgərov hazırda turizm şirkətlərindən birində təcrübə keçdiyini bildirir: “Şirkətdə özümü doğrultmağa çalışıram ki, məni işlə təmin etsinlər. Satış üzrə menecer işləmək niyyətindəyəm. Çünki turistlərlə ünsiyyət qurmağı, onları ölkəmizlə tanış etməyi çox sevirəm”.
Məktəbdə nəzəri təlimlə yanaşı, müxtəlif tədbirlər keçirilir. Bakı Biznes Mərkəzində “Karyerada ilk addım” devizi altında keçirilən fəal məşğulluq tədbiri bu qəbildəndir. Tədbirdə Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbələri iştirak ediblər. Tələbələr ixtisaslarına uyğun iş yerləri ilə tanış olub, bəziləri isə işlə təmin ediliblər. Turizm Peşə Məktəbi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Nizami Kino Mərkəzində IV Bakı Beynəlxalq Turizm Kino Festivalı çərçivəsində “Çay bayramı” keçirib. Tədbirə 60 nəfərdən çox qonaq qatılıb.
Bundan başqa, ötən il Bakı Turizm Peşə Məktəbində “Azərbaycan Respublikasında peşə təhsil və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına uyğun müəyyən işlər görülüb. Məktəbdə 12 ixtisas üzrə tədris planı işlənib Təhsil Nazirliyinə, turizm agenti, aşpaz, qənnadçı, şirniyyatçı, barmen, ofisiant ixtisasları üzrə test sualları hazırlanıb Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib.