CƏMİYYƏT
Nigar Arpadarai: Daha sağlam, təhlükəsiz və daha xoşbəxt gələcək bu gün verəcəyimiz qərarlardan asılıdır
Bakı, 7 noyabr, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrindən olan gənclərin bu tədbirə qatılmasını görmək bizi çox sevindirir. Gənclərin COP29 çərçivəsində keçiriləcək tədbirlərdə və qərarların qəbul edilməsində aktiv iştirakını görmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai noyabrın 7-də ADA Universitetində YOUNGO və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu konfransında (COY19) söyləyib.
O deyib: “Biz dünyada iqlim dəyişikliyinə qarşı mübarizədən və gələcəyimizdən danışırıq. Daha sağlam, təhlükəsiz və daha xoşbəxt gələcək qurmaq barədə düşüncələrimizi bölüşürük. Düşünürəm ki, hamımızın istədiyi də məhz budur. Bütün bunlar bu gün bizim birlikdə verəcəyimiz qərarlardan asılıdır. İqlim dəyişikliyi ilə üzləşdiyimiz və süni intellektin həyatımızın bir hissəsinə çevrildiyi bu dönəmdə bütün bunlar bizə gələcəyimizi necə quracağımız barədə düşünməyi vadar edir. Bugünkü təhsil sistemimiz müasir əmək bazarının tələblərinə cavab verirmi və buna hazırdırmı? Bütün bunlar bizim qarşımızda yeni çağırışlar qoyur. Gənclər gələcəyi istədikləri kimi qurmaları, onların səslərinin eşidilməsi üçün daha fəal və əzmkar olmalıdırlar. Ona görə də biz COP29 Sədrliyi olaraq bu gün gənclərə və onların fəal iştirakına, çağırışlarının eşidilməsinə daha çox diqqət yetiririk”.