COP29
Nigar Arpadarai: “İqlim Dəyişikliyinə dayanıqlı KOB-lar” kampaniyamıza 30-dan çox beynəlxalq təşkilat qoşulub
Bakı, 4 noyabr, AZƏRTAC
“Özəl sektorun iqlim dəyişikliyi ilə mübarizə məsələsində iştirakı xüsusi önəm daşıyır. Çünki özəl sektor iqtisadi fəaliyyətin və texnoloji inkişafın əsas mühərrikidir. Şirkətlər, investisiya fondları və biznes liderləri iqlim dəyişikliyi ilə mübarizə istiqamətində özəl sektorun potensialını ortaya çıxardıqda, qlobal iqlim hədəflərinə çatmaq daha real olur”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, özəl sektor bu işə bir çox sahədə töhfə verə bilər: “İlk olaraq emissiyaların azaldılması - şirkətlər istehsalat proseslərini daha ekoloji təmiz və resurs-effektiv etmək, bərpaolunan enerjiyə keçmək və dayanıqlı idarəetmə sistemlərini təkmilləşdirmək kimi addımlarla emissiyaların azalmasına böyük töhfə verə bilərlər.
Daha sonra innovasiya və yaşıl texnologiyaların inkişafı - bərpaolunan enerji, enerji saxlama texnologiyaları, elektrik nəqliyyat vasitələri və karbon tutma texnologiyaları kimi sahələrdə özəl sektorun dəstəyi ilə daha sürətli inkişaf mümkündür.
Sonda maliyyə resurslarının səfərbər edilməsi, yəni iqlim dəyişikliyi ilə mübarizə üçün böyük miqdarda investisiyalara ehtiyac var və bu ehtiyacları qarşılamaq üçün özəl sektorun maliyyə resursları çox önəmlidir.
Eyni zamanda, dayanıqlı tədarük zəncirlərinin qurulması, ictimai şüurun artırılması və istehlakçıların davranışlarına təsir və digər məsələlərdə də özəl sektorun böyük rolu var.
İqlim maliyyəsinin formalaşdırılması prosesinə özəl sektorun cəlb edilməsi məsələsində hələ də boşluqlar çoxdur, çünki bunun üçün qlobal ekosistemin yaradılmasına ehtiyac var.
COP29-da özəl sektorun iştirakına çox önəm veririk. Belə ki, ilk dəfədir rəsmi danışıqların keçirildiyi Mavi Zonada özəl sektor nümayəndələri və xeyriyyə təşkilatları üçün Biznes, İnvestisiyalar və Xeyriyyəçilik üzrə İqlim Forumunun keçirilməsi planlaşdırılır. Eyni zamanda, Yaşıl Zonada şirkətlər öz məhsullarını nümayiş etdirmək, tədbirlərini keçirmək imkanını əldə edəcəklər.
Bizim əsas fəaliyyət istiqamətlərindən biri də kiçik və orta bizneslərə dəstək olmaq, onların iqlim dəyişikliklərinə dayanıqlılığını təmin etməklə bağlıdır. Çünki çox vaxt KOB-ların məlumat azlığı olur və maliyyəyə çıxışı daha məhdud olur. Məhz bu səbəbdən biz xarici tərəfdaşlarla məsələ istiqamətində birgə çalışacağıq. Hazırda 30-dan çox beynəlxalq təşkilat bizim “İqlim Dəyişikliyinə dayanıqlı KOB-lar” kampaniyamıza qoşulub”.
COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarainin AZƏRTAC-a müsahibəsinin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.