COP29
Nigeriyanın COP29-dakı nümayəndəsi: Maliyyə hədəfinə çatmaq üçün inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamalıyıq
Bakı, 12 noyabr, AZƏRTAC
Bu, mənim Azərbaycana ilk səfərimdir, lakin COP konfranslarında ilk iştirakım deyil. COP29-da iqlimlə bağlı müzakirələr aparılacaq, halbuki bizim üçün vacib mövzu yeni kollektiv maliyyə məqsədidir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Nigeriyanın “Centre for 21st Century İssues” Qeyri-Hökumət Təşkilatının baş direktoru Titilopa Ngozi Akosa deyib.
O bildirib ki, maliyyə ümumiyyətlə bütün sahələrdə vacibdir.
“Yeni kollektiv maliyyə hədəfinə çatmaq üçün biz ilk olaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamalıyıq, çünki onlar iqlim dəyişikliyindən ən çox zərərçəkən ölkələrdir. Kopenhagendə keçirilən COP15-dən sonra inkişaf etmiş ölkələr razılığa gəliblər ki, iqlim dəyişikliyi ilə bağlı mübarizə aparmaq üçün 100 milyard vəsait ayırsınlar. Hazırda biz COP29-dayıq, lakin bu hədəfə nail ola bilməyiblər. Təmiz gələcək üçün bizə investisiya lazımdır. Biz investisiya nəzərdə tutanda trilyardlarla vəsaitdən danışırıq. Ümid edirəm ki, COP29-dan uğurlu nəticələr əldə edə biləcəyik”, - deyə baş direktor deyib.