Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

Niş, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Mərasim iştirakçılarını salamlayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dedi:

- Əziz Prezident Əliyev, hörmətli Prezident Radev, mən bu gün çıxış edə bilməyəcəyəm. Bizim ölkədə qəribə qanunlar qəbul olunub ki, sən öz ölkəndə nə isə etmisənsə, seçkilərdən bir ay öncə artıq bu layihələri tərifləyə və ölkəni daha da inkişaf etdirmək üçün danışa bilməzsən.

Sizə “Xoş gəlmisiniz” deyirəm və Serbiyada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm. Mən bizim enerji nazirimizdən xahiş edəcəyəm ki, o çıxış etsin. O, bizim partiyanın üzvü deyil və seçkilərdə, siyahılarda adı yoxdur. Bizim avropalı qonaqlar bugünlük bağışlasınlar. Mən bütün həmin qanunlara hörmət edəcəyəm. Narahat olmayın, həmin qanunlara baxmayaraq, biz qələbə qazanacağıq. Bu, böyük qələbə olacaq və bizim hamımızın birgə qələbəsi olacaq. Buna görə çox sağ olun.

X X X

Sonra layihə barədə məlumat verən Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç dedi:

-Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm.

Mən, eyni zamanda, Prezident Əliyevə, Azərbaycandan olan həmkarlarımıza və bizimlə birgə gərgin çalışmış hər kəsə minnətdarlığımı bildirmək istərdim.

Mən qonşularımızla, eləcə də Azərbaycanla daha yaxşı əlaqələrin qurulması istiqamətində göstərdiyi səylərə görə Serbiya Prezidentinə minnətdarlığımı bildirirəm. Azərbaycan sərhəd baxımından bizim qonşumuz olmasa da, sözsüz ki, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur.

X X X

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!

İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.

Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.

Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.

Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.

Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.

Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.

Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun.

x x x

Daha sonra Bolqarıstan Prezidenti çıxış etdi.

Prezident Rumen Radevin
çıxışı

-Hörmətli Prezident Vuçiç, möhtərəm Prezident Əliyev, xanımlar və cənablar, nazirlər, zati-aliləri, əziz qonaqlar!

Serbiya, Azərbaycan və Bolqarıstan olaraq ölkələrimizin cari ili yola salarkən daha təhlükəsiz və daha yaxşı gələcək naminə öz davamlı işi və bu işə göstərdiyi diqqət ilə nümunəvi olduğunu bildirmək istəyirəm. Fevralın əvvəlində Prezident Vuçiçin Bolqarıstana səfəri zamanı Bolqarıstan-Serbiya interkonnektorunun yaradılmasına start verilib. Yalnız bir neçə ay sonra biz artıq Bolqarıstan və Serbiya arasında interkonnektorun açılış mərasimini keçiririk.

Aprel ayında Prezident Əliyev Sofiyaya səfərə gəlmiş və Solidarity Ring təşəbbüsünü irəli sürmüşdür.

Mən bu dəvətə görə Prezident Vuçiçə səmimi təşəkkürümü bildirirəm və fevral ayında Bolqarıstandakı açılışdan daha xoş əhvali-ruhiyyə ilə bizi qarşıladığına görə minnətdarlığımızı bildiririk.

Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan-Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Əməkdaşlıq bizim regionda davamlı, dayanıqlı iqtisadi inkişafa və tərəqqiyə gətirir. O, bizim Avropanın gələcəyi üçün quruculuq işləri görmək istəyimizin bir ifadəsidir. O, Avropa İttifaqının təhlükəsiz və etibarlı enerji mənbələri üçün iddialı baxışdır. Mən qəti əminəm ki, interkonnektor sərhəd regionlarda, həmin boruların keçdiyi yerlərdə investisiya maraqlarının artmasına töhfə verəcək.

Mən Prezident Vuçiçi təbrik etmək istəyirəm. Çünki təvazökar olduğu üçün o, özünü tərifləmir. Lakin həm mən, həm də Prezident Əliyev Serbiyaya hər səfərimiz zamanı burada infrastrukturun mühüm inkişafının şahidi oluruq. Mən burada çəkilən zəhməti, Serbiyanın Avropanın modern inkişafına nümunə olduğunu görürəm və bu, məni çox sevindirir. Bolqarıstanın Prezidenti kimi mən sərhəd regionlarda, bolqar milli azlığının yerləşdiyi ərazilərdə infrastrukturun və yol şəbəkələrinin inkişaf etdirilməsinə olan diqqəti görürəm. Mən, həmçinin daha öncə presedenti olmayan bir hadisədən bəhs etmək istəyirəm. Prezident Vuçiç və mən iki dəfə Mitroqradda milli azlıqlarımızla görüşmüş və problemləri birgə müzakirə etmişik. Biz birgə həyat şəraitini yaxşılaşdırmaq üçün layihələr müəyyənləşdirib imkanları müzakirə etmişik. Serbiyada bütün infrastrukturun yaxşılaşdırılması və modernləşdirilməsi Bolqarıstana da birbaşa təsir edir. Çünki biz Avropaya Serbiya vasitəsilə çıxa bilirik.

Bu gün biz Avropanın enerji xəritəsini dəyişirik. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. Təsadüfi deyil ki, bu layihə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi dəyərləndirilib.

Ukraynadakı müharibə bizim yaxşı qonşuluq və qarşılıqlı kömək, həmrəylik anlayışlarımızı yenidən gözdən keçirməyə səbəb oldu. Biz logistika və enerji sahələrində yalnız yeni resurslar, yeni yollar, yeni səmərəli həll vasitələri tapmalı deyil, həmçinin daha intensiv, daha güclü beynəlxalq xəritə yaratmalıyıq. Həmin coğrafi mövqeyin əhəmiyyətinin dərk edilməsi, fəal enerji siyasəti təkcə həmin ölkələrə deyil, həm də bütün qonşulara, regiondan da daha uzaq məsafədə yerləşən ölkələrə fayda verəcək.

İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik.

Bu il Bolqarıstan anlaşmanı yekunlaşdırdı və həm LNG terminallarına, həm Yunanıstana, həm də Türkiyəyə çıxış əldə etdi. Bizim, həmçinin onların şəbəkələri vasitəsilə tranzit əməliyyatları keçirmək üçün anlaşmalarımız var. Mart ayında biz Aleksandropolisdəki enerji terminalının açılışını etdik. Bolqarıstan həmin layihədə 20 faiz səhmə sahibdir. Biz aprel ayında strateji əhəmiyyətli, Avropa üçün önəmli olan Solidarity Ring layihəsinin açılışını etdik. Bununla da biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq. Bizim sahibi olduğumuz bu fəal siyasət sayəsində bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki LNG terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çiren adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik.

Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Əvvəlcə bildirdiyim kimi, bu səhər Vuçiçlə keçirilən görüşümüzdə birgə anlaşmalar nəticəsində öz ehtiyacımızı ödəmək üçün qaz təminatını yaxşılaşdıracağıq. Biz bununla da ən yaxşı şərait əldə etmiş olacağıq, həmçinin öz vətəndaşlarımıza ən yaxşı qiymətlər təqdim edib, üçüncü dövlətlərə birgə qaz satacağıq. Burada geniş fürsətlər var və biz yaxşı siyasət, yaxşı səylər nəticəsində mühüm nəticələr əldə edəcəyik.

Mən Avropa Komissiyasına maliyyə dəstəyi göstərdiyinə və həmçinin bütün Avropa üçün mühüm olan bu layihəni təşviq etdiyinə görə minnətdaram. Təbii ki, biz bu uğura görə bütün institutlara və tikinti işçilərinə minnətdarıq. Onlar sübut etdilər ki, bu iki ölkə texnoloji bacarığa malikdir və ən yüksək texnologiyalı yeni nəsil boru xəttini inşa edə bilir. Bundan sonra çalışacaq bütün komandalara təşəkkür edirəm, onlara uğurlar arzulayır, hər kəsə faydalı iş diləyirəm. Çox sağ olun.

X X X

Layihənin əhəmiyyətindən danışan Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre enerji təhlükəsizliyinin və enerji dayanıqlılığının gücləndirilməsində mühüm bir mərhələnin qeyd olunduğunu vurğulayaraq dedi:

-Avropa İttifaqı bu layihəyə demək olar ki, 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırıb. Bundan əlavə, biz Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro ayırmışıq. Bu mühüm mərhələ Serbiya vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Avropa İttifaqının enerji sektorunda bu ölkəyə verdiyi ümumi dəstəyin bir hissəsidir.

Biz Bolqarıstanı Serbiya ilə, Serbiyanı Avropa İttifaqı ilə birləşdiririk. Bu baxımdan bu infrastruktur Serbiya və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Biz həm də ümumi enerji balansında qazın payının artırılmasının mümkünlüyünü qeyd edirik ki, bu da Avropa İttifaqının “yaşıl sazişi”nə uyğun olaraq iqtisadiyyatımızın karbonsuzlaşdırılması istiqamətində bir addım olaraq, kömür kimi daha çox çirkləndirən enerji mənbələrindən təbii qaz kimi daha az çirkləndirən enerji mənbələrinə keçidə şərait yaradır.

X X X

Sonda prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib  Prezident İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB-6 VİDEO

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda şagirdlər üçün “Açıq qapı” günü keçirilib

“F1 75 Live”: Londonda iyirmi sürücünün gözqamaşdıran tanıtımı baş tutub

Fransada anbarlarda qaz ehtiyatlarının həcmi 25 faizdən aşağı düşüb

“WindEurope”: Azərbaycan Şərqi və Mərkəzi Avropaya elektrik enerjisinin əsas ixracatçılarından birinə çevrilmək potensialına malikdir – MÜSAHİBƏ

Tacikistanlı nümayəndə: Buzlaqların qorunması və qlobal təhlükəsizlik üçün beynəlxalq əməkdaşlıq vacibdir

Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlanıb

Belçikanın müdafiə naziri Avropanın müdafiə sistemini tənqid edib

May ayında “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçiriləcək

Sabah ölkə ərazisində sulu qar, qar yağacaq

Ötən il Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri açıqlanıb

Şabranda “Vətənpərvər Azərbaycan gəncliyi – sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib

Prezidentin Ağdama budəfəki səfəri vaxtında atılmış addımlara yenidən dönüş məqamı idi - deputat

Qazaxıstanda nəqliyyat hadisələrinin təhqiqatı üzrə Mərkəz yaradılacaq

Pakistan Senatının sədri: APA çərçivəsində əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıracaq

Naxçıvanda uşaq bağçalarında vakant müdir vəzifəsinə işə qəbul imtahanı aparılacaq

Azərbaycan hakimləri Qazaxıstan Ali Məhkəməsində olublar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Füzuli rayonunda traktor və avtomobil toqquşub, azyaşlı ölüb

Mərkəzi Bank “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədi təsdiq edib

Naxçıvanda ötən il 17 obyektin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub

İran İslam Şurası Məclisinin sədri: Asiya xalqlarının həmrəyliyi regionun firavan gələcəyinə töhfə verəcək

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Türk ekspertlər: ASALA terror təşkilatını təmizə çıxarmaq cəhdi pisniyyətli addımdır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib

Azərbaycan klubu türkiyəli basketbolçunu transfer edib

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNİB

Butan Milli Assambleyasının sədri: Asiyada çoxtərəfli əməkdaşlıq qlobal sabitlik üçün vacibdir

BMU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Naxçıvanda ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

Qəbələdə 15,3 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Səbinə Əliyeva: Ombudsmanlar insan hüquqlarının müdafiəsində birgə səylər göstərməlidir

Qazaxıstan ilin sonuna qədər 14 yeni təyyarə alacaq

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB

Avropa İttifaqı fövqəladə sammitin keçirilməsini müzakirə edir

Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb YENİLƏNƏCƏK

Birol Akgün: Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini irəli sürüb

Ötən ay sosial sahə ilə əlaqədar 2,3 milyon müraciət edilib

“Zirə” braziliyalı hücumçu ilə yollarını ayırıb

Puan Maharani: Növbəti 25 il Asiya əsrini reallaşdırmaq üçün həlledici dövr olacaq

Yaponiyanın Tsukuba Universitetinin professorları BDU-da olublar

İcraçı direktor: Liderlərimizin siyasi iradəsi Azərbaycan-Türkiyə media əməkdaşlığını gücləndirir

Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir

“Yol polisimlə bir gün” layihəsi çərçivəsində məktəblilər NİİM-də olublar

Misirdə firon II Tutmosun məzarı aşkar edilib

Əhməd İsmayılov: Azərbaycan-Türkiyə media əməkdaşlığı qlobal informasiya məkanına töhfə verir

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

“Webb” teleskopu Süd Yolunun mərkəzi qara dəliyi ətrafında xaotik şiddəti müşahidə edir

Müasir dövrümüzün elektron “Əkinçi”si sayılan “science.gov.az” portalı 30 yaşında

Baş katib: Azərbaycan güclü əməkdaşlıq nümunəsi nümayiş etdirib

Sahibə Qafarova: Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyini layiqincə yerinə yetirir

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edib

Çempionlar Liqası: “Real Madrid” “Mançester Siti”yə, “Yuventus” PSV-yə qarşı

Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

BANM tələbəsi Şimali Karolina Universitetində Azərbaycanla bağlı təqdimat hazırlayıb

Braziliya OPEC+ alyansına qoşulur

Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelinin açılışında iştirak edib YENİLƏNİB

Azərbaycan millisi İnkişaf Kubokunda son oyununa çıxacaq

Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda qızıl və bürünc medallar qazanıblar

Rüfət Əzizov: ADNSU-da keyfiyyət təminatı sistemi bütün struktur bölmələrini əhatə etməlidir - MÜSAHİBƏ

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Pakistanın Bəlucistan əyalətində silahlılar 7 avtobus sərnişinini öldürüb

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb

AAYDA: Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO

Naxçıvanda səhiyyə sahəsi üzrə Dövlət proqramlarının icrası müzakirə olunub

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

Tədqiqatçılar yuxu xatırlama qabiliyyətinin fərdi və idrak amillərlə əlaqəsini araşdırıblar

Ramiz Teymurov: Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

İqdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

Almaniya üçün Alternativ partiyasında ianə qalmaqalı baş verib

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

Hovard Lutnik ABŞ-ın yeni ticarət katibi olub

Şəkidə Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Xaçmazda "Riyaziyyat dahiləri" intellektual yarışmasının qalibləri mükafatlandırılıb

Çempionlar Liqası: "Bavariya" 1/8 finalda, "Milan" və "Atalanta" mübarizəni dayandırıb

Muzey Mərkəzində bəstəkar Aydın Əzimin yaradıcılığına həsr olunmuş konsert-portreti keçiriləcək

Cəlil Xəlilov: İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb

Vüqar Mustafayev “IDEX-2025” sərgisində xarici şirkətlərin rəhbərləri ilə görüşüb

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib

Almaniyada 166 mindən çox uşaq və gəncin qatıldığı U18 səsverməsində Sol partiya birinci olub

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlərin iqtisadi əlaqələrini gücləndirəcək – ŞƏRH

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

İsveç polisi zorakılıq qurbanı olan 600 uşaq müəyyən edib

Rusiya-ABŞ danışıqları başa çatıb

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

İtaliyada bəzi nazirlik və dövlət qurumlarının saytlarına kiberhücumlar olub