Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsinə dair beynəlxalq konfransın məruzələri nizamişünaslıqda yeni tədqiqatlar üçün əsas olacaq VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. İl ərzində ölkəmizdə Nizami Gəncəvi irsinə həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev söyləyib.
Prorektor bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində Bakı Dövlət Universitetində də tədbirlər planı işlənib-hazırlanıb. Bu tədbirlər planına müvafiq olaraq ilboyu müxtəlif elmi konfranslar, seminarlar və digər tədbirlər keçirilib. BDU-nun və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” beynəlxalq konfransı da həmin tədbirlər planı çərçivəsindədir. Konfransda həm xarici ölkələrin, həm də Azərbaycanın tanınmış filoloqları, ədəbiyyatşünasları maraqlı məruzələrlə çıxış edəcəklər. İnanırıq ki, dinlənilən məruzələr gələcəkdə nizamişünaslıqda yeni tədqiqatlar üçün əsas olacaq.
Prorektor Əliş Ağamirzəyev diqqətə çatdırıb ki, bu beynəlxalq konfransın iki ildən bir keçirilməsi nəzərdə tutulur.