Nizami rayonunda ötən tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilmişdir

Bakı, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Nizami Rayon İcra Hakimiyyətində rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəbləri direktorlarının, müəllimlərin və valideynlərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov təhsil işçilərini yeni tədris ilinin başlanması, eləcə də qarşıdan gələn “Bilik günü” münasibətilə təbrik etmişdir.
T.Budaqov xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmış, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin elm-təhsil, mədəniyyət və digər sahələrin inkişaf etdirilməsində gördüyü işlərdən danışmışdır.
Bildirmişdir ki, 2012-2013-cü tədris ili rayonun təlim-tərbiyə müəssisələri üçün uğurlu olmuş və bir sıra nailiyyətlər qazanılmışdır.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2012-2013-cü tədris ilinin yekunları, qazanılan uğurlar və təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıq vəziyyəti barədə məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, rayonda 23 orta məktəb, 2 lisey, bir özəl türk liseyi və 24 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ötən dərs ilində rayonun orta məktəb və liseylərini 2 min 109 şagird bitirmiş, onlardan 1.872 nəfəri ali məktəblərə sənəd vermiş və 1.163 nəfər tələbə adını qazanmışdır. Həmin şagirdlərdən 33 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir.
Ötən tədris ilində rayon üzrə 14 nəfər qızıl medala layiq görülmüşdür. Həmin şagirdlərdən üçü 400-500 bal arasında, on nəfəri isə 600 baldan yuxarı nəticə göstərərək ali məktəbə qəbul olmuşdur. Bir nəfər isə 80 mümkün baldan 79 bal toplayaraq Türkiyənin Bilkənt Universitetində təhsil almaq hüququ qazanmışdır.
Qeyd olunmuşdur ki, 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində qalib gəlmiş 50 ən yaxşı ümumtəhsil məktəbindən 5-i, 100 ən yaxşı müəllimdən isə 8-i Nizami rayonunda fəaliyyət göstərən məktəblər və həmin tədris müəssisələrinin müəllimləridir. Ümumilikdə müsabiqənin keçirildiyi altı ildə rayon üzrə 17 ümumtəhsil məktəbi və 39 müəllim bu şərəfli ada layiq görülmüşdür.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövrdə rayondakı 61, 70, 210, 242, 250 və 277 nömrəli orta məktəblərinin, 110, 172, 190 və 309 nömrəli uşaq bağçalarının və 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin binaları əsaslı təmir edilmiş, Keşlə qəsəbəsində isə yeni 640 yerlik 328 nömrəli tam orta məktəbinin binası inşa olunmuşdur.
Hazırda rayondakı 251 nömrəli məktəb binasının əsaslı təmiri və 145 nömrəli məktəbin 50 sinif otaqlı əlavə tədris korpusunun tikintisi başa çatdırılmış, 103, 125 və 175 nömrəli uşaq bağçalarında isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Flora Qasımova iştirak etmişlər.
Sonda ötən tədris ilində müxtəlif nailiyyətlər qazanmış bir qrup təhsil işçisinə və şagirdlərə mükafatlar təqdim olunmuşdur.