ELM VƏ TƏHSİL
“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 25 noyabr, AZƏRTAC
AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 10-cu nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə və İrandan 20 müəllifin məqaləsi dərc edilib. Məqalələr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.
Jurnalda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın, BDU-nun dosenti Əsmətxanım Məmmədovanın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Abbasqulu Nəcəfzadənin, Türkiyə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırımın, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhmədin, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun və başqalarının məqalələri dərc edilib.
“Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir. Jurnalın redaksiya heyətində Azərbaycanın və dünyanın görkəmli nizamişünas alimləri yer alıblar.
Jurnal bu il Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartlarını alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxil edilib.
İldə iki dəfə nəşr olunan jurnalın redaktoru AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, məsul katibi şöbə müdiri Təranə Verdiyevadır.